23 noyabr 2022 11:06
314

Göygöldə emal müəssisəsində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "İki sahil"ə verilən məlumata görə, Göygöl rayonunun Üçtəpə kəndi ərazisində fiziki şəxs Hüseynov Əli Yaqub oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, istifadə olunan alət və avadanlıqların asan təmizlənə bilən və korroziyaya davamlı materiallardan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.