Ölkəmiz qlobal böhranın təsirlərini minimuma endirməyə çalışır
Hazırda dünya iqtisadiyyatının 3 aparıcı mərkəzinin üçü də, iqtisadiyyatlar fərqli də olsa,ciddi problemlərlə üzləşib. Söhbət ABŞ, Avropa İttifaqı və Çindən gedir. Qlobal istehsalın və istehlakın üçdə ikisinə malik bu üç mərkəzin iqtisadiyyatlarındakı vəziyyətdən dünyanın qalan ölkələri və əhalisi birbaşa asılıdır. Bu gün Rusiyadan qaz nəqli dayandığına görə Avrozonada inflyasiya yüksək həddə çatıb. Çində pandemiya əleyhinə sərt mübarizə, həmçinin daşınmaz əmlak bazarındakı böhran iqtisadi artıma ciddi təhdidlər yaradıb. ABŞ-da isə yüksək inflyasiya şəraitində əhalinin gəlirlərinin və istehlakının azalması müşahidə olunur. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyevanın sözlərinə görə, bu şəraitdə antiinflyasiya tədbiri kimi kredit faizlərinin artırılması investisiyaların da azalmasına səbəb olur: “Bütün bunlar isə kasıb ölkələrə olduqca mənfi təsir göstərir. Onlar getdikcə daha az qazanırlar, çünki onların ixrac məhsullarına tələbat azalır, ərzaq və enerjidaşıyıcılarının bahalaşması nəticəsində xərcləri isə çoxalır”.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qarşıdan gələn illər üçün yeni proqnozunda deyilir ki, dünya iqtisadiyyatı 2023-cü ildə 2.3 faiz azalma yaşayacaq və bu azalma 2024-cü ildə 2.7 faiz civarında nisbətən sabitləşəcək. Bu müddət ərzində Asiya iqtisadi artımın əsas mühərrikinə çevriləcək, Avropa, Şimali Amerika və Cənubi Amerika iqtisadiyyatlarında isə çox zəif artım qeydə alınacaq. Bu da qeyd olunur ki, qlobal iqtisadiyyat Rusiyanın Ukraynada başlatdığı müharibənin bədəlini yüksək inflyasiya, bahalaşma və zəif artımla ödəyir. Hesabatda qeyd olunur ki, hələ bu müharibədən əvvəl də qlobal iqtisadiyyat pandemiyanın təsirlərindən yenicə özünə gəlməyə başlamışdı. Sənəddə bildirilir ki, qiymətlərin gözlənilmədən bahalaşması, real gəlirlərin azalması bir çox ölkələrdə alıcılıq qabiliyyətini azaldıb. Dünya boyunca mərkəzi banklar inflyasiya ilə mübarizə məqsədilə uçot dərəcələrini artırıblar və bu, indidən az da olsa bəhrəsini verir.: “Hazırda enerji təhlükəsizliyinə və enerji mənbələrinin diversifikasiyasına yatırımların edilməsi son dərəcə mühümdür. İndilik qlobal iqtisadiyyat üçün mümkün ssenari resessiya yox, iqtisadi inkişafın sürətinin əhəmiyyətli dərəcədə azalmasıdır. Britaniya, Almaniya və Rusiyada isə söhbət iqtisadiyyatın azalmasından gedir”. Proqnoza görə, “Böyük yeddilik” ölkələri arasında ən çox azalma Britaniyada qeydə alınacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hesab edir ki, Britaniya iqtisadiyyatını 2023-cü ildə 0.4 faiz azalma gözləyir. Proqnoza görə, bu azalma 2024-cü ildə 0.2 faiz olacaq.
Dünya ölkələri ilə müqayisədə Azərbaycanda vəziyyət daha qənaətbəxşdir. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 111 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul istehsal olunub. Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, ilin sonuna ümumi daxili məhsul istehsalının həcmi 130 milyard manata çatacaq: “Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir”.
Göründüyü kimi, Azərbaycan mövcud siyasəti ilə dünya iqtisadiyyatında baş verənlərin ölkə iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa çalışır. Baxmayaraq ki, qlobal iqtisadi artım faizləri azaldılıb, amma Azərbaycan praktik olaraq sürətli artım faizini qoruyub saxlaya bilib. Bu da təbii ki, xüsusən də qlobal risklərin təsirlərinin minimumlaşdırılması baxımdan vacibdir. Qlobal ressesiya dünyada həm də ərzaq qıtlığı məsələsini daha da gücləndirir. Bu baxımdan da Azərbaycan artıq qabaqlayıcı addımlar atıb. 2022-ci ilin dürüstləşmiş büdcəsində 200 milyon manata yaxın vəsaitin ərzaq təhlükəsizliyi üçün nəzərdə tutulması bir daha təsdiq edir ki, hazırda müşahidə olunan və gələcəkdə dərinləşəcək ərzaq qıtlığının Azərbaycan istehlak bazarına təsirlərinin minimumlaşdırılması siyasəti genişləndirilir. Eyni zamanda, minimum istehlak səbətinə daxil olan məhsulların istehsalını həyata keçirən sahibkarlar üçün də güzəşt mexanizmi genişləndirilir. Onlara güzəştli kreditlər, həm də bütövlükdə kommersiya qurumlarından olan kreditlərin faizlərinin bir qisminin subsidiyalaşdırılması formasında həyata keçirilib. Bu da nəticə etibarilə yerli istehsalın dəstəklənməsi və genişləndirilməsinə xidmət edir. O baxımdan artıq Azərbaycan qlobal ressesiyanın, eləcə də qlobal ərzaq böhranının təsirlərini minimumlaşdırmaqla bağlı fəaliyyətləri genişləndirir. Bu da ondan xəbər verir ki, Azərbaycan mövcud siyasəti ilə gözlənilən qlobal böhranın ölkə iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa nail olur.
Sevinc Azadi, “İki sahil”