“Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik”.
Bu fikirləri Prezident İlham Əliyev Serbiyaya səfəri zamanı mətbuata bəyanatla çıxışında bildirib.
Ölkə başçısının vurğuladığı “dost ölkələr”dən biri də Serbiyadır. Bu ölkə Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Buraya təbii qazla bərabər, elektrik enerjisi də aiddir. Serbiyanın Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatla çıxışında ölkəsinin Azərbaycana məxsus təbii qazı idxal etmək məqsədilə Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması üzərində çalışdığını bildirib.
A.Vuçiç Azərbaycan Prezidenti ilə, həmçinin elektrik enerjisinin verilişi barədə müzakirə apardığını da qeyd edib. Bildirib ki, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən böyük bir Avropa layihəsi var: “Biz Avropadan olan tərəfdaşlarımızın bu layihəyə qoşulmasını müzakirə edəcəyik. Çünki burada elektrik xətti suyun altından çəkiləcək. Xətt Qara dənizin altından keçir ki, bizim paylayıcı şəbəkə Rumıniya və Macarıstanın paylayıcı şəbəkəsinə müvəffəqiyyətlə qoşula bilsin, nəticədə biz gələcəkdə təhlükəsiz şəkildə elektrik enerjisini ala bilək və ölkəmizin elektrik enerjisi ilə bağlı tam təhlükəsizliyini təmin edək”.
Təbii qaz idxalında Rusiyadan asılı olan Serbiya 2023-cü ildə Azərbaycandan “mavi yanacaq” almağı planlaşdırır. Bu məqsədlə Serbiyanı Bolqarıstanla birləşdirəcək Niş-Dimitrovqrad qaz kəmərinin tikintisinin gələn il başa çatdırılması nəzərdə tutulub. Serbiya gələn il, həmçinin Yunanıstandan mayeləşdirilmiş qaz almağı planlaşdırıb. Bununla da Rusiyadan qaz tədarükündən asılılığı azaltmaq mümkün olacaq.
Ölkəmizə gəlincə, Azərbaycanın ümumilikdə Avropaya qaz ixracını artırmaq potensialı var və bunu reallaşdırmağa hazırdır. Bir neçə ay əvvəl Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bir neçə il ərzində Avropaya qaz nəqlinin həcminin 20 milyard kubmetrə çatdırılacağı gözlənilir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın ötürücülük qabiliyyəti illik 10 milyard kubmetrdir və bu həcmin iki dəfə artırılması mümkündür. Cənub Qaz Dəhlizinin digər seqmenti - Cənubi Qafqaz Boru Kəmərinin illik ötürmə qabiliyyəti 14,4 milyard kubmetrdir və bu həcm 23,4 milyard kubmetrə çatdırıla bilər. Həmçinin TANAP-ın ötürmə gücü illik 16,2 milyard kubmetr olsa da bu həcmi 30,7 milyard kubmetrə qədər artırmaq olar. Ancaq Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin və marşrutunun genişləndirilməsi əlavə investisiyalar tələb etməklə təhlillərin nəticəsindən asılı olacaq. Burada əsas amil Avropa ölkələrinin almaq istədikləri qazın həcmi olacaq.
Elektrik enerjisinə gəlincə, Azərbaycanın daxilindəki xətlər qonşu ölkələrlə birləşdirilib və onun ixracı həyata keçirilir. Azərbaycanın bərpa olunan enerji istehsalındakı potensialını nəzərə alanda elektrik enerjisi ixracının Gürcüstan vasitəsilə Avropa istiqamətində genişlənmək imkanları var. Digər tərəfdən, Azərbaycanda bərpa olunan enerji mənbəyi nə qədər çox olsa ixrac üçün daha çox qaza qənaət ediləcək.
Ceyhun Piriyev, “İki sahil”