Yeni yataqlar ölkəmizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq
Xəbər verildiyi kimi, noyabrın 24-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunur. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılır. Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də var.
Cənubi Qafqazda ən böyük investor olan Azərbaycanın iştirakı ilə son illər həyata keçirilən və inşası davam etdirilən layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Bu nəhəng layihə dörd seqmentdən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Bu böyük qaz infrastrukturu çərçivəsində investisiyaların ümumi həcmi 45 milyard dollar təşkil edir.
Noyabrın 25-də Prezident İlham Əliyev sözügedən konfransdakı çıxışında bildirib ki, bu ilin iyul ayında biz qaz təchizatının iki dəfə artırılması üçün Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalamışıq və burada potensial mövcuddur. Dövlət başçısı qeyd edib ki, qarşıdakı illərdə istifadəyə veriləcək yeni qaz yataqları, enerji şirkətimiz olan SOCAR-da aparılan ciddi islahatlar, yeni korporativ idarəetmə, şəffaflıq və səmərəlilik bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq.
Ölkəmiz enerji layihələrinin icrası istiqamətində prinsipial mövqe sərgiləyir və mühüm addımlar atır. Həmin mövqelərin də beynəlxalq dəstək alması qarşılıqlı maraqlar əsasında həyata keçirilir. Azərbaycan-İtaliya əməkdaşlığı həm enerji sahəsində, həm də digər sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi və iştirak etdiyi layihələrin təkcə ölkəmizin həyatında deyil, eyni zamanda, Avropa regionunda və müxtəlif dövlətlərin həyatında da mühüm rol oynadığını xüsusi qeyd etmək yerinə düşər. Bu münasibətlər heç şübhəsiz qarşılıqlıdır.
Dövlət başçısı, həmçinin bildirib ki, TAP boru kəmərinin inşası zamanı meydana gələn problemlər bizə məlumdur: “Lakin qeyd etmək istəyirəm ki, onlar süni xarakter daşıyırdı. Ancaq Azərbaycanın bu problemlərə ciddi yanaşması sayəsində ölkəmiz İtaliyaya enerji daşıyıcılarının təchizatını yaxşılaşdıra bilib. Bizim İtaliyada Azərbaycan qazına artan tələbatdan xəbərimiz var. Lakin bunun üçün TAP boru kəmərinin ötürmə qabiliyyətinin artırılmasına ehtiyac var. Biz bunu birtərəfli qaydada edə bilmərik, çünki TAP layihəsində bizim payımız 20 faiz təşkil edir. Buna baxmayaraq, ümid edirəm ki, bununla bağlı tezliklə qərar qəbul ediləcək, çünki TAP onsuz da tam gücü ilə işləyir.”
Göründüyü kimi, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir. Bu istiqamətdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Təkcə cari il ərzində Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfranslarda yüksək iştirak səviyyəsi bunu deməyə əsas verir. Belə ki, aprelin 10-13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq”, 29-da isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzularında beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılanıb.
Cavid Əkbərov, “İki sahil”