26 noyabr 2022 13:05
483

Avropada Azərbaycan qazı almaq istəyən dövlətlərin sayı artıb

 Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Avropaya qaz nəqlini artırmaq üçün kifayət qədər ehtiyatlara malikdir

“İki ildən az müddət bundan əvvəl biz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini (TAP) tamamladıq. Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük”.

Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzənin sualını cavablandırarkən deyib.

Prezident İlham Əliyev xatırladıb ki, bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında  təbii qaz təchizatının iki dəfə artırmaq haqqında Anlaşma Memorandumu imzalanıb. Lakin Avropaya qaz nəqlini artırmaq üçün bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazımdır. Qeyd edək ki, Azərbaycanın TAP-dakı payı cəmi 20 faizdir. Bu o deməkdir ki, TAP-ın genişləndirilməsi təkcə Azərbaycandan asılı deyil.

Bu, həmçinin TANAP üçün də aktualdır. Belə ki, TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi lazımdır. Çünki demək olar ki, TANAP-la nəqletmə layihə gücünə çatdırılıbdır. Düzdür, bu boru kəmərində Azərbaycanın payı TAP-la müqayisədə böyük olsa da burada da əhəmiyyətli hissə digər səhmdarlara da aiddir

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Avropaya qaz nəqlini artırmaq üçün kifayət qədər ehtiyatlara malikdir. Ölkə başçısı bu fikri sözüdegən tədbirdə bir daha təsdiqləyib: “Çünki birincisi, bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Mən “Abşeron”u qeyd etdim. “Ümid” və “Babək” yataqlarını qeyd edə bilərəm. “Asiman”ı, “Şəfəq”i və bir çox başqalarını qeyd edə bilərəm. İkincisi, bizim enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Yeni korporativ rəhbərlik, şəffaflıq və səmərəlilik bizə əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək. Həmçinin bərpaolunan enerji mənbələri ilə bağlı artıq beynəlxalq investorlarla başladığımız layihələr. İki layihə artıq həyata keçirilir. Yəqin ki, gələn ilin sonunadək 470 meqavat külək və günəş enerjisi mövcud olacaq. Üstəlik, Cəbrayıldakı 230 meqavat gücündə günəş elektrik stansiyası buna əlavə həcm verəcək. Bu bizə əlavə qaza qənaət etmək imkanı verəcək. Başqa sözlə, biz iyul ayında Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumunu tam icra edə biləcəyik.”

 İndi də gələk Avropaya. “Köhnə qitədə” Azərbaycan qazı əldə etmək istəyənlərin sayı artıb. Həmçinin  mövcud alıcılar arasında da idxalın artırılmasını istəyənlər var. Başqa sözlə, Azərbaycan qazına maraq xeyli artıb. Aydın məsələdir ki, Azərbaycan qazına marağın artmasının başlıca səbəbi Avropanın üzləşdiyi dərin qaz böhranıdır. Vaxtilə Rusiyadan asılılığın azaldılmasına barmaqarası baxanların indi birdən-birə rus qazından imtina etmələri təminatda ciddi çətinliklər yaradıb. Nəticədə bir vaxtlar Cənub Qaz Dəhlizinə skeptik yanaşanlar belə hazırda onun əhəmiyyətli olduğunu anlayırlar.

Ceyhun Piriyev, “İki sahil”