03 dekabr 2022 00:59
670

Satmaq öhdəliyi ilə kirayə mənzillərə maraq artmaqdadır

Belə yaşayış sahələrinin realizəsinin 56 faizi bu ilin payına düşüb

Azərbaycanda satmaq öhdəliyi ilə kirayəyə verilmiş mənzillərin sayı artmaqdadır. Satmaq öhdəliyi ilə kirayə mexanizminin icrasına 2020-ci ildən başlanılıb, İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, indiyə  kimi 2910 mənzil bu üsulla realizə edilib. Ötən ilin sonunda bu göstərici 1280 idi. Bu, o deməkdir ki, belə mənzillərin 1630-u və ya 56 faizi bu ilin payına düşüb. Belə mənzillərin, həmçinin 867-si və ya 29,8 faizi 2021-ci ildə, 413-ü və ya 14,2 faizi 2020-ci ildə reallaşdırılıb. 

Xatırlatmaq yerinə düşər ki, ölkə başçısının 25 yanvar 2019-cu il tarixli “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Fərmanının birinci bəndinə əsasən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Bu mexanizm çərçivəsində müraciətlərin qəbuluna 2020-ci ilin 10 mart tarixində başlanılıb və ilk 6 müqavilə 16 mart 2020-ci ildə rəsmiləşdirilib.

İlk vaxtlarda belə mənzillərin sayının məhdud olması, eyni zamanda, onların yerləşdiyi ərazilər və qiymət amili satmaq öhdəliyi ilə kirayə mexanizmini o qədər də əlverişli etmirdi. Lakin sonra təklif olunan mənzillərin sayı ərazilər də genişləndirilməklə bir neçə dəfə artırılıb. Ən əsası isə ötən ildən prosedur və qaydalar yumşaldılıb.

İpoteka və Kredit Zəmanət Fondunun yaydığı məlumata görə, hazırda paytaxtda yalnız Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən binalar üzrə vətəndaşlara mənzillər təklif edilir. Digər satmaq öhdəliyi ilə kirayə mənzillər  Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllə və Qalubiyyə küçəsində, eyni zamanda, Sumqayıt şəhəri, Sülh və Bulvar küçələrindədir.  

Fond mənzil siyahısını sonuncu dəfə oktyabr ayında genişləndirib. Fond həmin vaxt satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına daha 223 tam təmirli mənzil əlavə etmişdi.

Qaydaya görə, satmaq öhdəliyi ilə kirayəyə mənzil əldə etmək üçün müraciətlər elektron sistemlə həyata keçirilir və növbəlilik əsasında qeydiyyata alınıb baxılır. Sənədlər Fonda təqdim edildikdən sonra 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır. Qaydaya əsasən, kirayəçi kirayə müqaviləsi üzrə alış qiymətini tam ödədikdə və yaşayış sahəsi kirayəçinin mülkiyyətinə keçdikdə, kirayə müqaviləsi üzrə kirayə hüququ münasibətlərinə xitam verilir.

Ceyhun Piriyev, “İki sahil”