Yazıçı-jurnalist Mahir Rəsuloğlunun bu adda kitabın təqdimatı keçirilib
Dekabrın 4-də Bakıda “Misra Book Cafe”də “İki sahil” qəzetinin əməkdaşı, yazıçı-jurnalist Mahir Rəsuloğlunun “Günəş göy üzünə qayıtmasa” adlı hekayələr kitabının təqdimat mərasimi olub.
Tanınmış yazıçıların, jurnalistlərin və oxucuların iştirak etdikləri tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist Tahir Taisoğlu açaraq Mahir Rəsuloğlunun yaradıcılığı və onun əsərlərinin ana xəttini təşkil edən hadisələr, obrazlar barədə ətraflı məlumat verib. Qeyd edib ki, kiçik həcmli mətndə böyük fikirlər, böyük duyğular ifadə etmək bacarığı müəllifin hekayələrini maraqlı, həm də düşündürücü edir, sanki hər hekayənin içində gizli bir başqa hekayə də var.
Ədəbiyyatşünas alim, professor Cavanşir Yusifli çıxışında bildirib ki, Mahirin hekayələri Azərbaycan nəşrinin ənənələrindən və gələcəyin çağırışlarından doğan mətinlərdir: “O, ancaq spesifik hesab etdiyini, yəni içindən gələn enerjinin hesabına hekayələr yazır. Və əslində xalis yazıçı şüuraltındakı dramatik və faciəvi laylanın diktəsi ilə yazmalıdır. Bu şəkildə təbii olduğu üçün hesab edirəm ki, Mahir Rəsuloğlu bizim nəslin həm indisi, həm də gələcəyidir. Sizi inandırım ki, bu hekayələr özü-özünü oxudur və orada indiki dövr nəsli üçün maraqlı olan çox önəmli obrazlar var.”
Tədbirdə daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin müəllimi, filoloq Svetlana Sultanova, tanınmış alim Rafik Məmmədov, yazıçı İlham Əziz, müəllifin iş yoldaşları “Günəş göy üzünə qayıtmasa” kitabındakı hekayələr haqqında və Mahir Rəsuloğlunun yaradıcılığı haqqında danışaraq onu təbrik edib, uğurlar arzulayıblar.
İştirakçılara və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən M.Rəsuloğlu hekayələrinin oxuyanlarda müəyyən təəssürat yaradacağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, müxtəlif mövzularda, o cümlədən vətənpərvərlik və müharibə haqqında hekayələrinin yer aldığı “Günəş göy üzünə qayıtmasa” kitabı “Qanun” nəşriyyatında nəfis tərtibatla nəşr edilib. Kitabın redaktoru yazıçı Şərif Ağayar, korrektoru Nüşabə Səməndər, üz qabığındakı rəsmin müəllifi isə tanınmış rəssam Soltan Soltanlıdır.
Cavid Əkbərov, “İki sahil”