06 dekabr 2022 21:31
938

Dünya musiqisini öz qiymətli əsərləri ilə zənginləşdirən görkəmli bəstəkar

Fikrət Əmirov – 100

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən respublikamızda və bir çox xarici ölkələrdə görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunur. Bəstəkarın yüz illiyinin UNESCO-nun 2022-23-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi isə Fikrət Əmirov sənətinə dünya miqyasında, beynəlxalq arenada verilən yüksək qiymətin təzahürüdür.  

Azərbaycan bəstəkarlıq məktəbinin ən istedadlı nümayəndələrindən biri,  müasir dünya musiqisini öz qiymətli əsərləri ilə zənginləşdirən görkəmli bəstəkar Fikrət Əmirov parlaq fərdi yaradıcılıq üslubu ilə seçilən bəstəkarlardandır. Bəstəkarın müxtəlif illərdə öz istedadı, qabiliyyəti, savadı və təkrarolunmaz dəst-xəttilə yaratdığı orijinal əsərlər milli musiqi mədəniyyətimizdə mühüm yer tutur.

Fikrət Əmirov, həmçinin dünyaşöhrətli bəstəkardır. Əmirov musiqisinin böyük şöhrət qazanmasının səbəblərindən biri, onun milli köklərə bağlılığıdır. Bəstəkar öz xalqı kimi “düşünür”, xalqın təfəkkürü Əmirova olduqca yaxındır. Fikrət Əmirovun əsərlərini dinləyərkən, ilk növbədə, onların öz fərdi dəst-xəttilə seçilməsini müşahidə edirik. Hansı janrda yazıldığından asılı olmayaraq bəstəkarın mövzuları, obrazları lirik şəkildə təfsir olunur. Onun musiqisində lirika olduqca təsiredicidir.  F.Əmirovun hər bir əsərində onun müasir musiqi dilinin nailiyyətləri ilə bəhrələnməsi aydın hiss olunur. Bu müasirliyin milli köklərə istinadı da şübhəsizdir. Əmirov öz yaradıcılığında xalq musiqisinin qanunauyğunluqlarını və dünya klassik musiqisinin təcrübəsini fərdi şəkildə inkişaf etdirir. F. Əmirov musiqisi xalq mahnıları ilə, xüsusilə də muğamlarla bağlıdır, buna baxmayaraq “stilizasiya” bəstəkarın dəst-xəttinə heç də səciyyəvi deyil, yəni o, heç vaxt xalq mahnıları və muğamlarını təqlid etmir, olduğu kimi köçürmür, onları yenidən işləyərək əsərlərində istifadə edir. 

F.Əmirovun yaradıcılığının ötəri təfsiri bunlardan ibarətdir: simli alətlər orkestri üçün yazılmış ilk milli simfoniya (“Nizami”), müasirlik mövzusuna həsr olunmuş ilk lirik opera (“Sevil”), ilk milli fortepiano sonatası (“Romantik”) və nəhayət, dünya musiqi ədəbiyyatında ilk və yeni janr üslubu ilə yazılmış simfonik muğamlar. Bu sıraya bəstəkara qədər analoqu olmayan əsərlərdən –  fortepiano və xalq çalğı alətləri orkestri üçün Konsertini, “Nəsimi” vokal-xoreoqrafik poemasını da əlavə etmək lazımdır. Göründüyü kimi, F.Əmirov çox sayda ilklərin yaradıcısı – novator-bəstəkardır.

Bəstəkarın melodik dili çox zaman muğamvari, mahnıvaridir. Bu da təsadüfi deyil, çünki Fikrət Əmirov Şərqin məşhur xanəndə-tarzəni Məşədi Cəmilin ailəsində, musiqi, muğam aləmində dünyaya göz açmış və boya-başa çatmışdı. Muğamlarımızın xalqın təfəkkürünə emosional və psixoloji təsiri, əlbəttə ki, F.Əmirovun şüurunda da öz təcəssümünü tapmışdı.

Gənc yaşlarından Fikrət oxuduğu məktəbdə özünün musiqi istedadı ilə müəllim və şagirdlərin diqqətini cəlb edir. Gəncə musiqi məktəbində təhsil aldığı müddətdə o, tez-tez konsertlərdə, yaradıcılıq olimpiadalarında iştirak edir. Bu istedadına, qabiliyyətinə görə gələcəkdə Fikrətin musiqi sənəti ilə məşğul olacağına artıq heç kimin şübhəsi qalmırdı. Lakin Fikrətin özü orta təhsilini bitirib Bakıya gələrkən tərəddüd hissləri keçirirdi. Anası Dürdanə xanım oğlunun musiqi ilə məşğul olmasına təkid edir, bu məqsədlə də Fikrəti, o zaman artıq kifayət qədər tanınmış sənətkar Bülbülün yanına aparır və demək olar ki, onun himayisinə verir. Bülbül gənc Fikrəti Üzeyir Hacıbəyli ilə tanış edir. Üzeyir bəy bu gəncin fitri istedadını görüb, ona mütləq musiqi ilə məşğul olmağı tövsiyə edir. Fikrət Əmirov konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil olur və professor Boris İsakoviç Zeydmanın sinfində təhsil alır.

O illərdə Bakının musiqi həyatı çox maraqlı idi; yaradıcılığın bütün sahələri fəal inkişaf edir, musiqi kollektivləri yaradılırdı. Təbii ki, opera sənətinin uğurları musiqi ictimaiyyəti nümayəndələrini sevindirir, ruhlandırırdı. “Koroğlu” operasının yaranması isə musiqi sənəti ilə məşğul olan gənclərə çox böyük təsir göstərdi. Təbii ki, Bakıya yeni gələn F.Əmirovu da milli incəsənətin təşəkkülü, Ü.Hacıbəyli operasının xalqda yaratdığı dərin təəssürat maraqlandırmaya bilməzdi.

1941-ci ildə II Dünya müharibəsi başlayarkən digər incəsənət adamları kimi Fikrət Əmirov da orduya çağrılır və Voronej cəbhəsində vuruşur. 1942-ci ildə ağır xəstəlik və cərrahi əməliyyatdan sonra Fikrət Əmirov ordudan tərxis olunaraq Azərbaycana qayıdır və təhsilini başa vurur. Hospitalda müalicə aldığı müddətdə F.Əmirov yaralı əsgər və zabitlərdən özfəaliyyət ansamblı təşkil edir, özü də mandolina çalmağı öyrənir. Ansamblın tərkibi rus xalq çalğı alətlərindən ibarət olsa da F.Əmirov repertuara,  hətta “Qubanın ag alması” xalq mahnısını daxil etmişdi. 

F.Əmirovun yaradıcılıq yolunun başlanğıcı 1940-cı illərə təsadüf edir. Gənc olmasına baxmayaraq həmin illərdə bəstəkar böyük uğurlar qazanır: romanslar, mahnılar, opera (“Ulduz”), iki musiqili komediya (“Ürəkçalanlar”, “Gözün aydın”), fortepiano üçün “Variasiyalar”, “Prelüdlər”, Sonata, fortepiano və xalq çalğı alətləri orkestri üçün Konsert, skripka və fortepiano ilə orkestr üçün ikili Konsertilə tanınmağa başlayır.

F. Əmirovun ilk əsərləri sırasındakı dörd romans və bir neçə mahnısına, sonralar, 60-70-ci illərdə yazdığı mahnıları da əlavə olunmuşdur. Bunlar “Koreyalının andı”, “İki sahil” (söz. N.K.Dorizo) romansları, M.Y.Lermontovun “Ulduz” şeirinə bəstələnmiş məşhur eyniadlı romans və Nizaminin “Gülüm” şeirinə yazılmış qəzəl-romans, eləcə də A.S.Puşkinin sözlərinə tenor və baritonla orkestr üçün “Qış yolu” ballada-duetidir.

 Vokal janrı F.Əmirovun bəstəkarlıq həyatında əsas yer tutmasa da bu sahəyə maraq onun bütün yaradıcılığı boyu müşahidə olunur. Bəstəkarın vokal janra hər bir müraciəti ozünün parlaq yaradıcılıq təcəssümünü tapır. 1941-ci ildə Azərbaycan xalqı dahi Nizaminin anadan olmasının 800 illik yubileyini qeyd etməli idi. Məlum olduğu kimi, II Cahan müharibəsinin başlanması ilə əlaqədar yubiley 1947-ci ildə keçirilir. Bu münasibətlə F.Əmirov “Gülüm” qəzəl-romansını və “Nizami” simfoniyasını yazır. Simfoniya 1947-ci ildə ilk dəfə Moskvada, P.İ.Çaykovski adına salonda, Nizaminin yubileyinə həsr olunmuş gecədə səslənmişdir. Daha sonra Almaniya və digər ölkələrdə də ugurla ifa olunmuşdur.

Simfoniyanın yaranmasından bir il sonra, 1948-ci ildə F.Əmirov musiqi ictimaiyyətinə dünya musiqi mədəniyyəti tarixində o zamana qədər analoqu olmayan “Şur” və “Kürd Ovşarı” simfonik muğamlarını təqdim edir. 1949-cu ildə simfonik muğamlar Dövlət mükafatına layiq görülür. Simfonik muğamlar haqqında görkəmli musiqişünas Boris Yarustovski Amerika dinləyicilərinin qarşısında çıxış edərkən demişdi: “Mən Fikrət Əmirovun “Şərq simfonizminin” böyük yaradıcı təcrübəsini, sovet Şərqi xalqlarının simfonizmini yaratmaq uğrunda keçdiyi yolun dəyərini, mənasını qiymətləndirməkdə çətinlik çəkirəm. Mən hətta nəyə üstünlük verəcəyimi bilmirəm; müəllifin böyük poetik istedadına, yoxsa onun getdiyi bu fədakar yola. Onun yaradıcılıq gəmisi indi sənət axtarışları dəryasında düzgün istiqamətdədir”.

1950-ci illəri bəstəkarın yaradıcılığı üçün uğurlu hesab etmək olar. Məhz bu illərdən başlayaraq gənc bəstəkar xalq mahnılarını nota yazmaqla məşğul olur və bir qədər sonra məcmuələr şəklində nota yazılmış, eyni zamanda səs və fortepianonun müşayiəti ilə işlənmiş xalq musiqisi nümunələrinin müəllifi kimi də məşhurlaşır. 1950-ci ildə Fikrət Əmirov özünün dördhissəli “Azərbaycan” süitasını, iki ildən sonra isə məşhur “Sevil” operasını yaradır. Həmin illərdə Fikrət Əmirov bəstəkar Elmira Nəzirova ilə birgə yazdığı ərəb mövzuları əsasında fortepiano konsertini musiqi ictimaiyyətinə təqdim edir.

F.Əmirov teatrı çox sevirdi. O, dram teatrlarla ilə sıx əlaqə saxlayaraq bir çox tamaşalara musiqi bəstələyirdi. Bəstəkarın 1960-70-ci illərdə Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseyn Cavid və İmran Qasımovun pyeslərinə yazdığı musiqi, xüsusən də mahnıların bəzisi müstəqil şəkildə ifa olunur və bu gün də xanəndə və müğənnilərin repertuarını bəzəyir. Hüseyn Cavidin “Şeyx Sənan” pyesinə yazılmış Kor ərəbin mahnısı buna gözəl nümunə ola bilər.

1961-ci ildə bəstəkar özünün məşhur “Azərbaycan kapriççiosu”nu bəstələyir. “Azərbaycan kapriççiosu” klassik musiqi əsərləri arasında tembr rəngarəngliyi ilə fərqlənən və xüsusi yeri olan mükəmməl bir əsərdir. F.Əmirovun 1970-ci illərdə yazdığı əsərlərdən “Nəsimi haqqında dastan” simfonik əsəri və “Nəsimi” vokal-xoreoqrafik poemasını qeyd etmək lazımdır.

Böyük müvəffəqiyyətdən ruhlanan bəstəkar az sonra, 1976-cı ildə “Xəzəri fəth edənlər” xoreoqrafik poemasını dinləyicilərə təqdim edir. Dəniz neftçilərinin əməyini tərənnüm edən bu əsəri Fikrət Əmirov “Nəsimi dastanı” kimi yenə də vokal və xor üçün nəzərdə tutur.

F.Əmirovun daha bir əsəri olan “Şur” simfonik muğamının musiqisi əsasında yaranmış eyniadlı xoreoqrafik hekayəti də yada salmaq vacibdir. Bu əsəri də bəstəkarın uğurlu əsərləri siyahısına daxil etmək olar. Ü.Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında çəkilmiş eyniadlı filmdə səslənən musiqinin redaksiyası da məhz Əmirova aiddir. Göründüyü kimi, Əmirov bu sahədə də özünün böyük istedad və məharətini nümayiş etdirmişdir.

1979-cu ildə F.Əmirov Şərq xalqlarının müdrikliyi, poetik obrazları, sədaqət və saf məhəbbətini tərənnüm edən “Min bir gecə” nağıllarına müraciət edir. Bu vaxta qədər hamıya məlum olan nağılları fərdi yaradıcılıq üslubunda, öz musiqi dili ilə canlandırır. N.A.Rimski-Korsakovun “Şəhrizad” simfonik poemasının bütün dünyada məşhur olduğu və hər kəsdə nağılların obraz və mənzərəsi haqqında öz təsəvvürünün yarandığı bir vaxtda bəstəkarın “Min bir gecə” nağıllarına müraciəti son dərəcədə riskli bir addım idi. Lakin bütün dünyada məşhur olan nağılları öz musiqi dili ilə canlandırmaq, fərdi yaradıcılıqla şərh etmək və bütöv bir bədii əsər kimi onlara yeni həyat vermək F.Əmirova müyəssər oldu. Baletin nümayişindən sonra məşhur musiqişünas Pavel Xuçua mətbuat səhifələrində yazırdı: “Min bir gecə” süjeti əsasında müasir balet yaratmaq üçün böyük yaradıcılıq cəsarəti, yüksək peşəkarlıq, ustalıq və zəngin şərq musiqisinin incə duyumuna malik olmaq lazım idi.”

Ömrünün son illərində F.Əmirov “Nizami” baleti üzərində işləyir. Əsərin musiqini yazır, lakin orkestrin ifasında dinləmək ona nəsib olmur. 1984-cü ilin fevralında SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı Fikrət Əmirov 62 yaşında vəfat edir.

F.Əmirov musiqi mədəniyyətimizə öz üslubu, mövzusu və keyfiyyəti etibarilə tamamilə yeni olan parlaq səhifələr yazmışdır. O, özünəməxsus yeni romantik bəstəkar təfəkkürü tətbiq etməklə Azərbaycan musiqi sənətinin bədii, poetik dünyasını yaratmışdır. Xalq rəssamı Səttar Bəhlulzadə yazırdı: “Fikrət Əmirovun musiqisi təsirlidir, coşğundur. Təbii ki, musiqi incəsənətin müqəddəratı ilə dərindən maraqlanan bu alovlu, ehtiraslı insanın xasiyyətinin inikasıdır”.

Folklorun, bədii ənənələrinin bilicisi olan F.Əmirov xalq musiqisini, rəvayətləri, nağılları, əfsanələri çox sevirdi, bunlar da bəstəkarın ilham mənbəyi idi. Əmirov, həmçinin xalq sənətini sevməklə, ənənələri dərindən və ciddi şəkildə mənimsəməklə, bununla belə köhnəyə meyil etmədən, sanki “inci axtaranlar” kimi milli incəsənətimizin əvvəllər heç kim tərəfindən açılmamış qiymətli təfərrüatlarını üzə çıxara bildi.

Əmirovun səsi duyma qabiliyyəti, hər şeydən əvvəl, həyatda, incəsənətdə müasirliyi, yeniliyi qəbul etməyə köklənmişdi. Bu isə iki ideyanın, yəni “açıq nəzərlə” görünən yaradıcılıq irsinin və həyatda baş verən yeniliklərin uzlaşdırılması idi.

F.Əmirov yaradıcılığının mövzusu çoxşaxəli olaraq xalq həyatının bir çox problemləri ilə bağlıdır. Bəstəkarın özü bu barədə deyirdi: “Sənətkar öz həyatının mənasını, varlığını böyük sənətin saflığında, xalqa xidmətində görməlidir.”

Dünyanın bir çox ölkələrində Əmirov musiqisi bu gün də səslənir, bəstəkarın əsərləri ən mötəbər konsertlərin, festivalların proqramını bəzəyir. Əlamətdar haldır ki, F.Əmirovun 100 illik yubileyi bəstəkarın doğum günündə (22 noyabr) Nyu Yorkun məşhur Karnegi zalının 2800 yerlik ən böyük salonunda təntənə ilə qeyd olunur və bəstəkarın musiqisi uzun illərdən sonra yenidən bu konsert salonunda səslənir.

Bu günlərdə, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Fikrət Əmirov 100” adlı fortepiano əsərlərinin albom-antologiyası beynəlxalq Qremmi mükafatının “Best classical compendium” (“Ən yaxşı klassik məcmuə”) kateqoriyasının siyahısına daxil edilmişdir.

Bütün bunlar, əlbəttə ki, bizim üçün çox qürurvericidir və eyni zamanda bəstəkarın yaradıcılığına olan böyük hörmətin, ehtiramın təzahürüdür.

Ruhu şad olsun!..

İnara Məhərrəmova,
Naxçıvan Dövlət Universiteti