08 dekabr 2022 23:58
580

Turizm sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyur

Bakı Konqres Mərkəzində Azərbaycan Turizm Sammiti keçirildi

Dekabrın 8-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin (DTA) və Turizm Bürosunun (TB) təşkilatçılığı ilə Azərbaycan Turizm Sammiti keçirildi.

Sayca 3-cü dəfədir keçirilən sammitdə ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesinin inkişafı istiqamətində görülən işlər, turizmin postpandemiya dövründə keçdiyi bərpa prosesi, hazırkı vəziyyət və qarşıda duran vəzifələr haqqında məlumat verildi, müxtəlif mövzularda panel diskussiyaları aparıldı.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan sammiti açıq elan edən DTA-nın sədri Fuad Nağıyev bildirdi ki, qurum tərəfindən dünyanın turizm sənayesində ciddi geriləməyə səbəb olmuş koronavirus pandemiyasının təsirlərinin aradan qaldırılması, Azərbaycanda bu sahənin özünübərpa prosesini sürətlə keçməsi istiqamətində bütün lazımi tədbirlər görülüb. Bunun nəticəsidir ki, turizm üzrə 2022-ci ilin statistik göstəricilərində əvvəlki illərlə müqayisədə ciddi artım müşahidə edilib.

Ölkəmizdə turizmin inkişafı sahəsində qarşıya qoyulan hədəflər haqqında danışan F.Nağıyev agentliyin 2026-cı il üçün proqnozlarını açıqladı. Qeyd olundu ki, qarşıdakı 4 ildə Azərbaycana səfər edən xaricilərin sayını 4 milyon nəfərə çatdırmaq nəzərdə tutulub. Bundan başqa, məqsəd 2026-cı ilədək turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalını 2019-cu illə müqayisədə 1.5 dəfə artırmaq, yəni orta hesabla hər il turizm sektorunda 20%-lik artıma nail olmaqdır. Ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını 6 milyon nəfərə çatdırmaq, bütövlükdə Azərbaycanı dayanıqlı və əlçatan turizm destinasiyasına çevirmək də qarşıya qoyulmuş əsas hədəflərdəndir.

DTA-nın sədri ümumilikdə turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflərin müəyyənləşdirildiyini, bu hədəflərin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətləndiyini vurğuladı.

F.Nağıyev çıxışında turizm sektorunun idarəetmə çərçivəsinin daha da təkmilləşdirilməsi üçün regional Turizm şuralarının yaradılmasının, həmçinin turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduz tələbinin, turizm şirkətlərinə münasibətdə isə mülki məsuliyyət sığortası mexanizminin tətbiqinin nəzərdə tutulduğunu da qeyd etdi.

Agentlik sədri yeni “Turizm haqqında” Qanunda bu sahənin hüquqi-institusional tənzimləmələri, DTA-nın tabeliyində olan qoruqlarda mədəni irsin qorunması və mühafizə üzrə aparılan yenidənqurma və bərpa işləri, turizm təhsili üzrə insan resurslarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli turizm əlaqələrinin inkişafı üçün atılan addımlar, hədəf bazarlarda aparılan marketinq-təbliğat işləri barəsində, eyni zamada ilk dəfə olaraq istifadəyə verilən “Turist çağrı və məlumatlandırma” mərkəzi haqqında məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycanda DTA tərəfindən təşkil edilmiş, 3 dildə xidmət göstərəcək 848 qısa nömrəli “Turist çağrı-məlumatlandırma mərkəzi” fəaliyyətə başlayır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun azad etdiyi ərazilərin turizm potensialının öyrənilməsi, reallaşdırılması və tanıdılması istiqamətində aparılan çoxistiqamətli tədbirlərdən bəhs edən F.Nağıyev bildirdi ki, görüləcək işlər nəticəsində turizm Qarabağ və Şərqi Zəngəzurda insanların yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacaq. Agentlik sədri bu yaxınlarda Qarabağın incisi olan Şuşa şəhərinə turizm turlarının təşkilinə başlanacağı haqqında da məlumat verdi.  

Sammit çərçivəsində 4 ayrı kateqoriyada 50-dən çox indikatoru müvafiq alt göstəricilər üzə dövri əsasda əks etdirən “Turizm üzrə vahid məlumat bazası”nın təqdimatı da keçirildi.

Tədbir işini “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “Turizm, mədəni irs və yaradıcı sənaye: yeni çağırışlar”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularında panel diskussiyaların keçirilməsi ilə yekunlaşdırdı.

Mahir Rəsuloğlu, “İki sahil”