09 dekabr 2022 16:03
538

Dövlət büdcəsində gəlir və xərclərin artması inkişafın göstəricisidir - Aydın Hüseynov

“Geniş müzakirələrdən sonra Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi təsdiq olunub. Dövlət büdcəsinin əvvəlki variantına əlavə və müxtəlif dəyişikliklər də edilib. Beləliklə, Azərbaycanın 2023-cü il dövlət büdcəsinin gəlirləri 30,773 milyard manat, xərcləri isə 33,353 milyard manat məbləğində təsdiq olunub”.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu ilin dövlət büdcəsi də ölkəmizin inkişaf dinamikasına uyğundur: “2023-cü il üçün dövlət büdcəsində baş verən bu dəyişiklik gəlirlərinin və xərclərinin ildən-ilə artması ilə bağlıdır. Bu da ölkəmizin ardıcıl və dinamik inkişafını müəyyənləşdirən ən mühüm amillərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası cari ildə dövlətimizin qarşısında dayanan bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin edib. Gələn ilin dövlət büdcəsinin prioritetləri əsasən sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və böyük qayıdışın həyata keçirilməsi, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı olacaq. Hökumətin səmərəli fəaliyyəti 2023-cü il büdcə siyasəti ilə bağlı qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq. 44 günlük müharibədən sonra Azərbaycanın qarşısında mühüm işlər – Qarabağa qayıdışın həyata keçirilməsi üçün böyük infrastruktur layihələrin yerinə yetirilməsi, sakinlərin sosial, mənzil, yaşayış problemlərini həll edilməsi dayanır.

Artıq iki ildir ki, dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərimiz üçün nəzərdə tutulmuş vəsaitlər öz əksini tapır. Postmüharibə dövründə təsdiq olunan büdcə layihələrində Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üçün nəzərdə tutulmuş vəsaitlərin həcmimin artırılması təbiidir. Çünki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin 20 faiz ərazisində demək olar ki, həyat olmayıb, daha doğrusu kəndlər, şəhərlər erməni silahlı qüvvələri tərəfindən məhv edilib, insanların yaşayış hüququ əlindən alınıb, bütün infrastruktur dağıntılara məruz qalıb, 750 mindən çox yerli sakin öz ata-baba yurdundan didərgin salınıb. Bütün bunların bərpası milyardlarla dollar vəsait tələb edir. Dövlət büdcəsində Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daha çox vəsaitin ayrılması başadüşüləndir”.