13 dekabr 2022 02:58
557

“Orta Dəhliz”: Azərbaycanın tranzit potensialı üçün yeni imkanlar

Ukraynada baş verən məlum hadisələr “Orta Dəhliz”in əhəmiyyətini artırmaqdadır. Söhbət ondan gedir ki, Çin-Avropa istiqamətində daşımalarda əsas marşrutun Rusiya üzərindən keçməsi alternativləri nəzərdən keçirməyi aktuallaşdırıb. Bu baxımdan tranzit potensialını reallaşdırmağa çalışan Azərbaycanın da bu istiqamətdə daşımalara alternativ olan “Orta Dəhliz”də yerləşməsi ölkəmiz üçün yeni imkanlar yaradır.

Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə 2014-cü ildə yaradılmış “Orta Dəhliz” və yaxud Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Türkiyəyə və eləcə də Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yük daşımalarına xidmət edir. “Orta Dəhliz” vasitəsilə yüklər Avropaya iki istiqamətdə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları, digəri isə Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəhliz üzrə hərəkət edən blok qatarlar orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu baxımdan dəhliz Çinin Qara dəniz, Türkiyə, Aralıq dənizi və Avropa ilə birləşməsi üçün vacib rol oynayır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Orta Dəhlizin çatışmayan cəhəti Xəzər dənizi və Qara dənizdən keçməsidir.  Bu cəhəti onun əsas marşrutla müqayisədə rəqabətliliyini azaldır.

Dünya Bankının Baş Qərargahda Makroiqtisadiyyat, ticarət və investisiyalar praktikasının meneceri Antonio Nusifora "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun ADA Universitetində müzakirəsi zamanı bildirib ki, Çinlə Avropa arasında əsas ticarət marşrutu Rusiya üzərindən keçirdi, hazırda isə bu mümkün deyil. Çox güman ki, yaxın gələcəkdə də mümkün olmayacaq. Bu baxımdan alternativ marşrutların araşdırılması istiqamətində ciddi səylər görünür. Dəhlizlər üzrə yönləndirilən yük həcmlərinin mənimsənilməsi çox ciddi bir fürsətdir.

Bunun əslində Azərbaycan üçün “qızıl fürsət” olduğunu deyən A.Nusifora əlavə edib ki, ölkəmizin Gürcüstan və Qazaxıstanla əməkdaşlığı gücləndirilməlidir ki, infrastruktura investisiyalar qoyulsun, dəhliz iqtisadi cəhətdən səmərəli olsun. Eyni zamanda, sərhədlərarası yüklərin daşınması, tranzit daşımaları üçün ticarət qaydalarının asanlaşdırılması və sadələşdirilməsi də tələb olunacaq.

Təsadüfi deyil ki, Azərbaycan, Qazaxıstan, Türkiyə, Gürcüstan və Özbəkistan “Orta Dəhliz”də infrastrukturun və sənədləşmənin rahatlığı üçün vahid strategiya üzərində işləyir.

Bu barədə  cari ayın əvvəlində jurnalistlərə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov  deyib. O qeyd edib ki, bütün dövlətlər “Orta Dəhliz”in əhəmiyyətini başa düşür. Xüsusilə Orta Asiya ölkələri anlayırlar ki, infrastruktur önəmlidir. İnfrastrukturu olan ölkələr “Orta Dəhliz”də aktiv olaraq işləyəcəklər. İnfrastrukturu olmayan ölkələr isə bu dəhlizdən yan keçəcəklər. Odur ki, ölkələr bu infrastrukturun hazırlanması üçün ciddi işlər görürlər. T. Ziyadov vurğulayıb ki, Azərbaycan artıq bu işləri ötən on il ərzində görüb, həm müasir limanı, həm də hava limanları, gəmiləri var. Bundan sonrakı işlər qonşu dövlətlərlə infrastrukturun inteqrasiyasıdır.

Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min hesab edir ki, “Orta Dəhliz” layihəsi ölkəsinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür, regional əlaqələrin gücləndirilməsi, marşrut boyu sosial-iqtisadi inkişafın təşviqi və qlobal təchizat zəncirlərinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Səfir APA-ya müsahibəsində deyib ki, “Orta Dəhliz” xüsusilə bu ildən etibarən dünyada yaranmış yeni vəziyyətin şərtləri daxilində, Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizinin sabit və fasiləsiz fəaliyyətinin təminatçısına çevrilib. Səfir vurğulayıb ki, bu ilin yanvar-avqust aylarında “Orta Dəhliz” üzrə Çin-Avropa marşrutu ilə hərəkət edən qatarların sayı keçən illə müqayisədə 34 faiz artıb. İlkin hesablamalara görə, 2022-ci il üçün qatarların sayı yeni rekorda çatacaq.

Ötən il əsas marşrutla 700 min TEU konteyner daşınıb. “Orta Dəhliz” vasitəsilə Azərbaycanın üzərindən isə təxminən 50 min TEU konteynerin daşındığı məlumdur. Bakı Limanının  yükaşırma qabiliyyətinin illik 150 min TEU konteyner olmasını nəzərə alanda  əsas marşrutla daşınan konteyner sayının bir hissəsinin “Orta Dəhliz”ə yönəlməsi Azərbaycanın tranzit potensialının reallaşdırılması istiqamətində qarşıya qoyulmuş məqsədə çatmağa imkan verə bilər. Ötən il Bakı Limanında 45 min TEU konteyner aşırılıb.      

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Bakı Limanında 5,356 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14 faiz çoxdur. On ay ərzində limanda təxminən 44 min konteyner (28 faiz çox), 41 894 təkərli texnika (31,5 faiz çox), 33 180 vaqon (32 faiz çox) aşırılıb. Minik avtomobillərinin sayında isə 6 dəfə artım olub. Yüklərin 90 faizdən çoxu tranzit yüklərdir. Yüklər əsasən Çindən daxil olur və Avropanın müxtəlif ölkələrinə göndərilir. Bu ilin sonuna qədər 6 milyon ton yük aşırılması gözlənir. 

Bu hadisələr, həmçinin Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün növbəti mərhələdir. Belə ki, daha öncə Qara dənizdə işini yekunlaşdıran konteynerlərin Ələtə çatdırılması və Ələtin paylayıcı mərkəz funksiyasını yerinə yetirməsinə imkan verə bilər.

Ceyhun Piriyev, “İki sahil”