14 dekabr 2022 02:57
578

Faktlar və rəqəmlər nədən xəbər verir? - İnflyasiya

“Qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22 faiz təşkil edib və ölkəmizdə də orta illik inflyasiya ikirəqəmli olub (13,8 faiz). İnflyasiya əsasən ərzağın bahalaşması (60 faizdən çox) hesabına formalaşıb".

Bu fikirləri Baş nazir Əli Əsədov bir neçə gün öncə Milli Məclisdəki çıxışında bildirib.

Bununla belə, Baş nazir qiymət artımı ilə əlaqədar hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiya təzyiqlərinin azaldılması istiqamətində zəruri tədbirlərin görüldüyünü, bunun gələcəkdə də davam edəcəyini bəyan edib. Qeyd edib ki, əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması istiqamətində ciddi işlər aparılır, o cümlədən əsas məhsullar üzrə ciddi ixrac məhdudiyyətləri tətbiq olunub.

Qeyd etmək lazımdır ki, bu ilin əvvəlindən başlayaraq gücləndirilmiş antiinflyasiya tədbirlərinə başlanılıb. Cari ilin yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdi. Eyni zamanda, fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında  antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olmuşdu. Bundan başqa, Baş nazir fevralın 21-də  "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalamışdı. Bu sərəncamla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə müvafiq qurumlara tapşırıqlar verilmişdi.

Ə.Əsədovun sədrliyi ilə martın 29-da keçirilən müşavirədə isə “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 18 mart tarixli Qərarından irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunmuşdu.

Görülən tədbirlər nə ilə nəticələnib?

Yanvar ayında inflyasiya 12,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 5,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 11,1 faiz təşkil etmişdi. Dövlət Statistika Komitəsinin məlumatına görə,  artıq 2022-ci ilin yanvar-noyabr aylarında inflyasiya 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz təşkil edib. Yanvar-noyabr ayları ərzində ümumi inflyasiya göstəricisinin dinamikasına nəzər salanda məlum olur ki, fevral və mart aylarında bu göstəricidə azalma olsa da sonrakı aydan etibarən yüksəlməyə başlayıb. Artım əsasən qida məhsullarının qiymətləri hesabına olub.

Bu tendensiya özünü noyabr ayına dair göstəricidə də göstərib. Belə ki, ötən ay əvvəlki ilin müvafiq ayı ilə müqayisədə inflyasiya 15,1 faiz, o cümlədən ərzaq məhsulları üzrə 20,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,1 faiz, xidmətlər üzrə isə 10,7 faiz olub. Bununla belə, oktyabr  ilə müqayisədə noyabr ayında illik inflyasiyanın 0,5 faiz bənd azaldığı diqqətdən yayınmır. Belə ki, oktyabrda əvvəlki ilin müvafiq ayı ilə müqayisədə inflyasiya 15,6 faiz, o cümlədən ərzaq məhsulları üzrə 21 faiz təşkil etmişdi. Aylıq müqayisədə isə noyabrda inflyasiya oktyabrla müqayisədə 1 faiz təşkil edib. Bu göstərici ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz olub. Ay ərzində meyvələrin qiyməti 2 faiz ucuzlaşıb, tütün məhsullarının qiyməti isə dəyişməyib. Qiyməti ən çox artan tərəvəz məhsulları olub (5,7 faiz). Qeyri-ərzaq məhsulları üzrə inflyasiya isə noyabrda 1,6 faiz təşkil edib. Həmçinin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə inflyasiya 0,4 faiz olub. 

Ceyhun Piriyev, “İki sahil”