Azərbaycanın yaratdığı mükəmməl nəqliyyat infrastrukturu tranzit potensialını yüksəltməklə bərabər, həm də ölkəmizin qitələrarası bağlantıda əlaqələndirici rol oynamasına imkan verir
Son illər ölkəmizdə hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib, mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Dəniz daşımaları qitələrarası daşımalar zamanı yüklərin çatdırılmasının əsas, bəzi hallarda isə yeganə mümkün üsuludur. Uzaq marşrutlarda dəniz daşımalarının maya dəyərinin aşağı olması, yükün parametrlərinə və tipinə qərəzsiz münasibət daşımaların bu tipinin əsas üstünlükləridir. Mövcud unikal nəqliyyat infrastrukturu dünya bazarlarına daha əlverişli çıxış imkanlarının məhz Xəzər dənizi vasitəsilə təmin olunması imkanları mövcuddur.
Hazırda altı ölkə Orta Dəhliz üçün vahid strategiya hazırlayır. Bu ölkələrə Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Türkmənistan və Özbəkistan daxildir. Beynəlxalq ekspertlərin proqnozuna əsasən, yaxın 10 ildə Asiya ilə Avropa qitələri arasındaki ticarət dövriyyəsinin həcmi 650-700 milyard dollara çatacaq. Bu həcmin müəyyən hissəsi Azərbaycan üzərindən daşınsa, ölkəmiz milyardlarla dollar gəlir əldə edəcək. Amma ən əsası, Azərbaycan qitələr arasındakı nəqliyyat dəhlizlərinin mərkəzinə çevriləcək. Orta Dəhlizin marşrutuna baxsaq, bunu açıq görmək olar. Həmin dəhlizin marşrutu belədir: Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qaradəniz-Avropa. Artıq bəllidir ki, Çinin ildən-ilə böyüyən iqtisadiyyatı, istehsal potensialı, nəhəng insan resursu və digər amillər gələcəkdə onu dünyanın ən böyük iqtisadi qüdrətə malik dövlətinə çevirəcək. Bu gün təkcə Çinlə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 450-500 milyard dollar arasındadır. Yüklərin Çinin cənubundakı limanlardan Avropaya göndərilməsi və əks istiqamətdə daşınması çox vaxt aparmaqla yanaşı, həm də baha başa gəlir. Gəmilər Süveyş kanalı və Cəbəllüttariq boğazından keçərək Avropaya gedir. Demək olar ki, bu gəmilər dünyanın yarısını dolanaraq yükləri mənzil başına olduqca gec çatdırır və onlarla gömrük rəsmiləşdirilməsi, eləcə də milyonlarla dollar rüsum və tranzit haqqı ödəmək məcburiyyətində qalır. Bu halda təhlükəsizlik məsələlərini də nəzərə alsaq, Orta Dəhlizin nə qədər əhəmiyyətli olduğunu görərik. Orta Asiya respublikalarının, Türkiyə və Şərqi Avropa dövlətlərinin də bu layihəyə maraq göstərmələri təsadüfi xarakter daşımır. Prezident İlham Əliyev bu məsələ barədə fikirlərini ifadə edərkən bunları deyib: “Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq”.
Zəngəzur dəhlizinin açılması Orta Dəhlizdən daha səmərəli istifadəyə zəmin yaradacaq. Bu, yüklərin daha qısa vaxtda Avropadan Asiyaya, Şərqdən Qərbə daşınmasına imkan verəcək. Nəzərə almaq lazımdır ki, bu ilin 10 ayında Azərbaycan üzərindən daşınan yüklərin həcmində müşahidə edilən 34,4 faizlik artım ölkəmizin beynəlxalq yükdaşımaları baxımından cəlbedici olduğunu sübut edir. Ölkəmizin infrastrukturu, dəhlizin potensialının artırılması üçün atılan addımlar Azərbaycanın beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə səbəb olacaq. Bu, ölkəmizin valyuta gəlirlərinin çoxalması baxımından da vacibdir. Orta dəhliz vasitəsilə daşınan yüklər ölkə iqtisadiyyatına kifayət qədər valyutanın daxil olmasına imkan yaradacaq.
Orta Dəhliz marşrutundan istifadə təkcə ayrı-ayrı ölkələrin deyil, ümumilikdə Avrasiyanın iqtisadi inkişafına töhfə verəcək. Ona görə də bu dəhliz dünyanın bir sıra aparıcı ölkələri üçün strateji əhəmiyyətə malikdir. Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında nəqliyyat-logistika mərkəzlərinin yaradılması isə Trans-Xəzər əməkdaşlığının dərinləşməsinə də yol açır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaq: "Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır. Bu gün müzakirə etdiyimiz kimi, biz tranzit yüklərin həcminin artdığını görürük. Cari ildə artım 70 faizdir, növbəti ildə bundan da çox olacaq".
Mütəxəssislər də Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb, odur ki, Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır. Fikirlərinə davam edən nazir vurğulayıb: “Anadolunun Qərbindən başlayaraq Şərqə uzanan bu yol ticarətin fərqli qitələrə, hətta dünyaya yayılmasına imkan verir. Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi və Türkiyəni seçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Orta Dəhliz öz imkanları ilə, şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm halqalarından biri olacaq. Biz Orta Dəhlizi daha da gücləndirəcəyik”.
Göründüyü kimi, bu marşrutun Azərbaycandan keçməsi iqtisadi inkişafa böyük təkan verəcək. Beynəlxalq əhəmiyyətli şirkətlərin və nüfuzlu dövlətlərin yükləri ölkəmizin üzərindən daşınacağı təqdirdə burada texniki xidmət sahələri, iri şirkətlərin nümayəndəlikləri yaradılacaq. Bu isə yeni iş yerləri və əhalinin sosial vəziyyətinin daha da yüksəlməsi deməkdir. Ən başlıcası isə dəhlizin Azərbaycan üzərindən keçməsi həm də ölkəmizə siyasi zəmanət qazandıracaq. Yükləri Azərbaycandan keçən həm Avropa, həm də Asiya dövlətləri, transmilli korporasiyalar, iri bizneslə məşğul olan şirkətlər ölkəmizdə daim sabitliyin hökm sürməsində maraqlı olacaqlar. Beynəlxalq siyasi arenada rəsmi Bakının mövqeyi daha da artacaq.
Sevinc Azadi, “İki sahil”