Bu, sosialyönümlü xərclərin böyük həcmdə artırılmasıdır
Dekabrın 9-da Milli Məclisin plenar iclasında Baş nazir Əli Əsədov və hökumət üzvlərinin iştirakı ilə «Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında» qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Gələn ilin dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat təşkil edir. Bu göstərici 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur. Qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradıb. Yəni, 2023-cü ildə transfert 11,3 milyard manat nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır.
Yeni ilin dövlət büdcəsində ən önəmli məsələlərdən biri də sosialyönümlü xərclərin böyük hissəyə malik olmasıdır. Belə ki, növbəti ildə bu xərclər ümumi xərclərin 45,7 faizini təşkil etməklə 15 milyard 219 milyon manat məbləğində nəzərdə tutulub. Bu artım cari illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2021-ci illə müqayisədə isə 4 milyard 922 milyon manat və yaxud 47,8 faiz çoxdur.
Sosialyönümlü xərclərin 52,8 faizi və yaxud 8 milyard 41 milyon manatı əməyin ödənişi xərclərinə, 26,7 faizi və yaxud 4 milyard 65 milyon manatı təqaüd və sosial müavinətlərə, 9 faizi və yaxud 1 milyard 366 milyon manatı əhaliyə səhiyyə xidmətlərinin göstərilməsinə, 7,5 faizi və yaxud 1 milyard 144 milyon manatı ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan sosial tədbirlərin maliyyə təminatına, 3,1 faizi və yaxud 477 milyon manatı ərzaq məhsullarının, dərman ləvazimatlarının alınmasına yönəldiləcək.
Eyni zamanda, 2023-cü ildə ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi 23 faiz və yaşayış minimumunun məbləğinin 17 faiz artırılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, ehtiyac meyarının məbləği yaşayış minimumunun məbləğinə çatdırılır. 2023-cü ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat, o cümlədən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367 milyon manat, əlavə məşğulluq tədbirləri üçün 266 milyon manat vəsait nəzərdə tutulub.
2023-cü il dövlət büdcəsi xərclərinin maliyyə təminatı barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsi gəlirlərinin 14 milyard 424 milyon manatı və yaxud 47 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşür: «Büdcənin neft-qaz sektorundan məcmu gəlirləri 16 milyard 297 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 13 milyard 402 milyon manat vəsaitin, qeyri-neft sektorundan 8 milyard 385 milyon manat vəsaitin, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 4 milyard 750 milyon manatın daxil olması proqnozlaşdırılır. Sair gəlirlər üzrə 562 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 727 milyon manat vəsaitin daxil olması gözlənilir.»
Bu rəqəmlərdən də göründüyü kimi, 2023-cü ili də sosialrifah ili kimi dəyərləndirmək olar. Çünki sosial xərclərə yönəldiləcək büdcə vəsaitləri ötən ildəkilərdən xeyli çoxdur. Təbii ki, belə bir sosial-iqtisadi uğurlar əldə etmək üçün 2022-ci ildə Azərbaycanda qeyri-neft sektoru ciddi artımlara nail olub. Xüsusilə ölkədə sahibkarlıq və biznes mühiti daha da inkişaf edib. Bu isə onu deməyə əsas verir ki, bütün inkişafların, sosial rifahın yüksəlməsinin təməli iqtisadi qüdrətdən və sabitlikdən keçir.
Elçin Zaman, «İki sahil»