Son 2 ayda Azərbaycanda faktiki illik inflyasiya sabitləşsə də, hələ də ikirəqəmli olaraq qalir və növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) bəyan edib.
"Bu ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılıb. Maliyyə sektorunda likvidliyin idarə olunması, faiz dəhlizinin parametrlərinin qisamüddətli pul bazarında faiz dərəcələrinə təsirlərinin gücləndirilməsi məqsədilə faiz dəhlizinin eninin daraldırılması istiqamətində qərar qəbul olunub. Faiz dəhlizin parametrlərinin dəyişdirilməsi eyni zamanda milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir.
Pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaq. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcək", - deyə açıqlamada qeyd olunub.