Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu dəfə də artırıb. Belə ki, İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,25 faizə, faiz dəhlizinin aşağı həddi 1,25 faiz bəndi artırılaraq 6,25 faizə qaldırılıb, faiz dəhlizinin yuxarı həddi 9,25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Bu, cari ildə uçot dərəcəsinin artıq dördüncü dəfə artırılması deməkdir. Bu il yanvar ayının 28-də İdarə Heyətinin ilk iclasında uçot dərəcəsi 7,5 faiz müəyyən edilmişdi. Faiz dəhlizinin yuxarı həddinə gəldikdə mart ayının 18-dən bəri bu, dəyişməz olaraq qalır. Dəhlizin aşağı həddi isə yenidən artmaqda davam edir. Belə ki, mart ayının 18-də keçirilən iclasda 6,25 faiz müəyyən edilən hədd sentyabrda 4 faizə endirilmişdi. Lakin sonrakı ayda bu göstərici 5 faizə yüksəldilmişdi.
Qeyd edək ki, faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Mərkəzi Bank uçot dərəcəsi ilə banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır. Dəhlizinin aşağı həddi sterilizasiya yönümlü alətlərdən olan bir günlük depozit (REPO) əməliyyatının faizidir. Yuxarı həddi isə bir günlük vəsaitlərin yerləşdirilməsi (əks-REPO) əməliyyatının faizidir.
Mərkəzi Bankın açıqlamasında bəyan olunub ki, faiz dəhlizin parametrlərinin dəyişdirilməsi eyni zamanda, milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir: “Pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaqdır. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcəkdir”.
Həmçinin vurğulanıb ki, dünya ərzaq qiymətlərindəki azalma dinamikası, ticarət tərəfdaşlarında inflyasiyanın nisbətən səngiməsi ölkədə inflyasiya səviyyəsinə zaman intervalı ilə təsir edir: “Son 6 ayda dünya ərzaq qiymətlərinin 14 faiz azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olmuşdur. Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır. Aparılmış təhlillər göstərir ki, inflyasiya əvvəlki ayda pik həddə (15,6 faiz) çatıb və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir”.
Ancaq inflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətdə dəyişir. Mərkəzi Bankın real sektor müəssisələri arasında apardığı monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri noyabrda oktyabr ayı ilə müqayisədə ticarət və xidmət sahələrində artıb, qeyri-neft-qaz sənayesində demək olar ki, dəyişməz qalıb, tikintidə isə azalıb.
Qeyd edilib ki, növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır.
Açıqlamada bildirilib ki, profisitli tədiyə balansı valyuta bazarında təklif kanallarını dəstəkləməkdə davam edir. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsi ilə müşayiət olunur. Bu da Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinə daha çox qənaət etməyə imkan verir.
Ceyhun Piriyev, “İki sahil”