21 dekabr 2022 14:28
850

Ərazilərimizin bərpası Azərbaycanın güclü iqtisadiyyatının təntənəsidir

Artıq 30 ilə yaxın bir müddət ərzində işğal altında olan torpaqlarımızın yağı düşmən, erməni-qəsbkarlarından azad etmək hər bir azərbaycanlının ən böyük arzu və istəyinə çevrilmişdi. 

Ermənistan ordusunun saxta döyüşkənlik mifinə son qoymağın vaxtının çatdığını bilən cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin çevik və vaxtında verdiyi “vur” əmrini cəsarətlə icra edən Azərbaycan Ordusunun zabit və əsgərləri  44 günlük savaşda ermənilərin bu mifini məhv edərək, düşmənə layiqli cavab verməyi bacardı . Şanlı Ordumuz ərazi bütövlüyümüzü, ədaləti, həm də milli ləyaqətimizi bərpa etməklə, xalqımızın 30 illik həsrətinə son qoydu. Bu Qələbə dövlətçilik tariximizin ən şanlı səhifəsi olmaqla yanaşı, milli kimliyimizi dünyaya nümayiş etdirdi.

Dədə Qorqud demişdi “Torpağı əkib becərmirsənsə qorumağa, qorumursansa əkib becərməyə dəyməz.” Odur ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyatın bərpası, infrastrukturun qurulması, ən başlıcası qısa müddət ərzində soydaşlarımızın öz ata-baba yurdlarına qayıtması möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətdə ən prioritet yer tutur.

Məhz buna görə də 44 günlük Vətən müharibəsindəki Qələbimizdən dərhal sonra Qarabağda bərpa-quruculuq və yenidənqurma işlərinə start verildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin hər bir qarışında bərpa-quruculuq işləri surətlə davam edir. Biz Qələbəmizlə dünyanı heyrətə gətirdiyimiz kimi, qısa müddət ərzində Füzuli hava limanını tikib istifadəyə verməyimizlə hamını bir daha heyrətə gətirə bildik. Ardıcıl olaraq qədim mədəniyyət mərkəzimiz Şuşada həyata keçirilən böyük quruculuq işləri, Zəngilan hava limanının istifadəyə verilməsi, bir il bundan əvvəl işaasına başlanan 200 evdən ibarət Ağalı kəndinə soydaşlarımızın dönərək yaşaması, kənddə məşğulluğun təmin olunması, bağça, tibb məntəqəsi, “Asan”, “DOST” xidmətlərinin fəaliyyətə başlanması Azərbaycanın güclü iqtisadiyyatının təntənəsi olmaqla yanaşı, həm də ölkə başçısı cənab İlham Əliyevin möhkəm, uğurlu, dəmir siyasətinin məntiqi  nəticəsidir.

30 il düşmən nəfəsi, düşmən tapdağı ilə kirlənmiş ərazilərimizə bu gün yeni həyat, yeni nəfəs qayıtmışdır. Dövlət başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə ardıcıl səfərləri, hər səfərlərində bir sıra yeni obyektlərin təməlini qoymaları, həyata keçirilən quruculuq-abadlıq işlərinin gedişi ilə yerində maraqlanmaları Böyük Qayıdışın uğurlu davamından xəbər verir.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş ərazilərimizə səfəri, Füzuli və Zəngilan hava limanlarının açılışlarında iştirakı hər birimizdə böyük məmmunluq hissi yaratmaqla yanaşı, qardaş Türkiyənin hər an yanımızda olduğunun təntənəsi idi.

Fəxrlə qeyd etməliyik ki, bu gün Zəngilanda, Cəbrayılda, Qubadlıda, Ağdamda, Şuşada, ümumiyyətlə erməni işğalından azad edilmiş bütün ərazilərimizdə  həyata keçirilən vacib layihələr soydaşlarımızın tezliklə öz ata-baba yurdlarına qayıtmalarına istiqamətlənmişdir. Kəlbəcərə ən qısa yolun təmin edilməsi məqsədilə tikilən tunellər təbii sərvətləri ilə zəngin olan bu bölgədə güclü iqtisadiyyatın qurulmasına yönəlmişdir.

Əminliklə deyə bilərik ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası ölkə iqtisadiyyatına və insanların sosial həyat şəraitinin yaxşılaşmasına öz müsbət təsirini göstərəcək və bu torpaqların əzəli, əbədi Azərbaycan torpaqları olduğunu bütün dünyaya bir daha bəyan edəcəkdir.

Xalqımız əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək, bura ayaq basan xaricilər dünya incisi Şuşamıza, ümumilikdə Qarabağımıza heyran olacaqlar!

Elgiz Hüseynov,

YAP Yevlax rayon təşkilatının fəalı