Azərbaycanda əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələməkdədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri 20,5 faiz artıb, inflyasiya isə 13,8 faiz təşkil edib.
Rəsmi statistikaya görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 20,5 faiz, o cümlədən sərəncamında qalan gəlirləri isə 20,8 faiz artıb. Təkcə yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat, o cümlədən neft-qaz sektorunda 3409,2 manat, qeyri neft-qaz sektorunda 778,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,7 manat, özəl müəssisələrdə isə 880,9 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub. Belə ki, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 3263,1 manat, o cümlədən dövlət sektorunda 2080,4 manat, qeyri-dövlət sektorunda 3959,4 manat təşkil edib. Həmçinin maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq əməkhaqqı 2 066,8 manat, o cümlədən dövlət sektorunda 2 211,6 manat, özəl sektorda 2 029,4 manat olub.
Həmçinin peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq əməkhaqqı 1 392,4 manat, o cümlədən dövlət bölməsində 876,6 manat, qeyri-dövlət bölməsində 1 971,9 manat təşkil edib. İnformasiya və rabitə sahəsində bu göstərici müvafiq olaraq 1 332,7 manata, o cümlədən 1 115,1 manata və 1 527 manata bərabər olub.
Ən aşağı orta aylıq əməkhaqqı inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində olub (483,4 manat, o cümlədən dövlət sektorunda 432,3 manat). Qeyri-dövlət sektorunda isə ən aşağı orta aylıq əməkhaqqı sosial təminat sahəsində qeydə alınıb (386,9 manat).
Gəlirlərin artması əhalinin banklardakı əmanətlərində də öz əksini tapmaqdadır. Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 29,4 faiz artaraq 2022-ci il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 11 milyard 500 milyon manat təşkil edib.
İnflyasiyaya gəlincə, 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz təşkil edib.
Təkcə noyabr ayında əvvəlki ilin müvafiq ayı ilə müqayisədə inflyasiya 15,1 faiz, o cümlədən ərzaq məhsulları üzrə 20,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,1 faiz, xidmətlər üzrə isə 10,7 faiz olub. Bununla belə, oktyabr ilə müqayisədə noyabr ayında illik inflyasiya 0,5 faiz bənd azalıb. Belə ki, oktyabrda əvvəlki ilin müvafiq ayı ilə müqayisədə inflyasiya 15,6 faiz, o cümlədən ərzaq məhsulları üzrə 21 faiz təşkil etmişdi. Aylıq müqayisədə isə noyabrda inflyasiya oktyabrla müqayisədə 1 faiz təşkil edib. Bu göstərici ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq məhsulları üzrə inflyasiya 1,6 faiz, ödənişli xidmətlər üzrə isə 0,4 faiz olub.
Yanvar-noyabr ayları üzrə dinamika ondan xəbər verir ki, orta illik inflyasiya göstəricisi aşağı templə olsa da yüksələn xətt üzrə davam etməkdədir. Bununla belə, inflyasiya göstəricisi əhalinin gəlirlərindən, o cümlədən muzdla işləyənlərin əməkhaqlarının nominal artımından geri qalır. Beləliklə, cari ilin yanvar-noyabr aylarında əhalinin gəlirlərinin nominal artımı 20,5 faiz olsa da real artımı 6,7 faiz təşkil edib. Əhalinin gəlirlərinin nominal artımı hətta içkilər və tütün məmulatları üzrə inflyasiya göstəricisini də 1 faiz-bənd üstələyib.
Ceyhun Piriyev, “İki sahil”