Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bir sıra qanunvericilik aktlarının icrasını təmin etmək məqsədilə Fərman imzalayıb. Sənədin birinci bəndinə əsasən “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ” təsdiq edilib. Fərmanın ikinci bəndində isə investisiya təşviqi sənədi alacaq sahibkarlıq subyektləri müəyyən edilib.
İnvestisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini əldə edən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlir vergisini 7 il müddətinə 50 faiz güzəştlə ödəyirlər. Onlar, eyni zamanda, müvafiq əmlaka görə əmlak vergisindən, torpağa görə isə torpaq vergisindən 7 il müddətinə azad olunurlar. Bu qrupdan olan şəxslər müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıq və qurğular idxal edəcəkləri halda ƏDV-dən və gömrük rüsumlarından da eyni müddətdə azad edilirlər.
Sənədə görə, hüquqi şəxslərin və fərdi sahibkarların Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçiriləcək strateji investisiya layihələrinə, sənaye məhəllələrində və aqroparklarda, turizm və rekreasiya zonalarında, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda həyata keçiriləcək layihələrinə 2023-cü il yanvarın 1-dən 3 il ərzində investisiya təşviqi sənədi veriləcək.
Səhmlərinin 30 faizi və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslərə sənaye məhəllələrində və aqroparklarda, turizm və rekreasiya zonalarında, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda həyata keçiriləcək layihələr üzrə investisiya təşviqi sənədi verilməyəcək.
İnvestisiya təşviqi sənədi almaq üçün yerlə bərabər, minimal investisiya məbləği də əhəmiyyət daşıyır.
İnvestisiya təşviqi sənədi almaq üçün təqdim edilən strateji investisiya layihələri üçün minimal investisiya məbləği Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə isə 3 milyon manatdır.
Strateji investisiya layihələri üzrə fəaliyyət istiqamətləri hələ ki, məlum deyil. Sözügedən sənəddə İqtisadiyyat Nazirliyinə strateji investisiya layihələrinin istiqamətlərinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.
İnvestisiya təşviqi sənədi almaq üçün təqdim edilən digər investisiya layihələri üçün minimal investisiya məbləği isə 200 min manatdan 1 milyon manatədək dəyişir. Burada minimal məbləğ kiçik yaylaq evlərində və qısa müddət qalmaq üçün digər yerlərdə, həmçinin kempinqlərdə, avtoqoşqu evlərdə və avtoqoşqu evlərin dayanacaqlarında xidmət göstərilməsi fəaliyyətləri üçün nəzərdə tutulub. Kiçik yaylaq evlərində və qısa müddət qalmaq üçün digər yerlərdə xidmət göstərilməsi fəaliyyəti aqroparklarda, turizm və rekreasiya zonalarında yaradılırsa investisiya təşviqi sənədinə görə minimal investisiya məbləği 200 min manatdır. Həmçinin kempinqlərdə, avtoqoşqu evlərdə və avtoqoşqu evlərin dayanacaqlarında xidmət göstərilməsi xidməti üçün turizm və rekreasiya zonalarında olmaqla minimal 200 min manat investisiya tələb olunur.
Təmizlənmiş neft məhsulları sinfindən sürtkü yağlarının istehsalı və kimya sənayesi fəaliyyətlərinə görə investisiya təşviqi sənədi almaq üçün sənaye məhəllələrində bir milyon manat, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda 500 min manat minimum investisiya edilməlidir.
Qaydaya görə, sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları müvafiq ərazilərdə yaradıldıqda investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ müvafiq olaraq sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonalarına münasibətdə tətbiq edilən minimal məbləğ qədər hesablanır. Həmçinin iki və daha artıq iqtisadi fəaliyyət bir layihə çərçivəsində həyata keçirildikdə müvafiq iqtisadi fəaliyyət sahələri üzrə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğlər cəmlənir.
Ceyhun Piriyev, “İki sahil”