Daun sindromlu uşaqlar üçün qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib
Dekabrın 22-də “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ində Qayğı- Sağlam Nəsil Naminə İctimai Birliyi tərəfindən Daun sindromlu və Serebral iflic uşaqlar üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir təşkil edilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Qayğı-Sağlam Nəsil Naminə İctimai birliyinin sədri Sevinc Abdullayeva tədbir iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib:
Sevinc Abdullayeva bu cür tədbirlərin təşkilinin Daun sindromlu və serebral iflicli uşaqlar üçün əhəmiyyətindən söz açıb: “Ümid edirəm ki, bu qəbildən olan görüşlərimiz çox olacaq cəmiyyətimiz Daun sindromlu şəxslərin istedadlarının fərqində olacaq. Hər kəsi Günəş kimi parlaq uşaqların zəngin daxili dünyaları ilə daha yaxından maraqlanmağa dəvət edirəm.”
Nizami Rayon İcra Hakimiyyəti başçısı Coşqun Cəbrayılov çıxışında tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə tədbirlər Daun sindromlu və serebral iflicli uşaqların cəmiyyətə inteqrasiyasına, cəmiyyətin də onları rahat qəbul edə bilməsinə xidmət edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, Azərbaycanda bütün uşaqlara, eləcə də Daun sindromlu və serebral iflic uşaqlara dövlət tərəfindən göstərilən qayğı və onlar üçün yaradılan şərait əvəzolunmazdır: “Daun sindromlu uşaqlar saf və daxilən daha gözəldirlər. Məhz buna görə də həmin uşaqların çöhrəsindəki təbəssüm bu qədər gözəldir. Daun sindromlu və serebrial iflic uşaqları daim diqqətdə saxlamağa xidmət edən tədbirlərin təşkilini vacib hesab edirəm.”
Milli Məclisin deputatları, Sədaqət Vəliyeva və Könül Nurullayeva çıxışlarında qeyd ediblər ki, ölkəmizdə uşaqların hərtərəfli inkişafı, o cümlədən Daun sindromlu uşaqların reabilitasiyası üçün geniş şərait yaradılıb.
Tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin nəzdindəki Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və Qayğı Reabilitasiya Mərkəzinin uşaqlarının bir biri9ndən rəngarəng çıxışları və rəqsləri nümayiş olunub.
Tədbirin sonunda şaxta baba və qar qız Daun sindromlu və serebral iflicli uşaqlara hədiyyələr təqdim edib.
Yaqut Ağaşahqızı, “İki sahil”