Bu ilin yanvar-noyabr aylarında ölkə üzrə 9 milyon 105,3 min manat aqrar sığorta haqqı toplanıb ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 39,8 faiz çoxdur. Ötən ilin 11 ayında 6 milyon 512,7 min manat aqrar sığorta haqqı yığılmışdı.
Maraqlıdır, iqtisadiyyatın ən riskli sahəsində sığortalanma özünü necə göstərir?
Yanvar-noyabr aylarında 1 milyon 732,8 min manat aqrar sığorta ödənişi edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 3,4 dəfə çoxdur. Ötən ilin müvafiq dövründə cəmi 511 min manat sığorta ödənişi edilmişdi.
Aqrar sığorta haqlarının strukturuna gəlincə, toplanmış ümumi sığorta haqqının əsas hissəsi – 34,3 faizi (3 milyon 123,9 min manatı) kənd təsərrüfatı heyvanlarını, 65,7 faizi (5 milyon 981,4 min manatı) isə bitkilərin sığortalanmasını əhatə edib. İllik müqayisədə kənd təsərrüfatı heyvanları üzrə sığorta haqlarının yığımı 45,1 faiz azalıb, bitkilər üzrə isə 7,2 dəfə artıb.
Cari ilin 11 ayında sığorta ödənişlərinin 52,7 faizi və ya 913,8 min manatı kənd təsərrüfatı heyvanlarının payına düşüb. 47,3 faizi və ya 819,1 min manatı isə bitki məhsulları üçün ödəniş edilib. Ötən illə müqayisədə kənd təsərrüfatı heyvanları üzrə ödənişlər 80 faiz, bitki məhsulları üzrə isə 215 dəfə artıb. 2021-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı heyvanları üzrə ödəniş 507,2 min manat, bitki məhsulları üzrə ödənişlər isə 3,8 min manat olmuşdu.
Hesabat dövründə ölkə üzrə aqrar sığorta üzrə ödənişlər yığımın 19 faizinə bərabər olub. Ötən ilin 11 ayında toplanmış sığorta haqlarının cəmi 7,8 faizi həcmində sığorta ödənişi edilmişdi.
Yanvar-noyabr aylarında toplanmış ümumi aqrar sığorta haqqının 96,1 faizi və ya 8 milyon 747 min manatı Aqrar Sığorta Fondunun payına düşüb. Ödənişlərin 80,4 faizi və ya 1 milyon 393 min manatını da bu Fond reallaşdırıb. İllik müqayisədə Fondun yığımları 56,8 faiz, ödənişləri isə 16,4 dəfə artıb.
Digər sığortaçıların isə aqrar sığorta bazarında payları 3,9 faiz təşkil etsə də ödənişlərdəki payları 19,6 faizə bərabər olub. Ötən ilin 11 ayı ilə müqayisədə digər sığorta şirkətlərinin yığımları 2,6 dəfə, ödənişləri isə 25,3 faiz azalıb.
Buradan belə aydın olur ki, digər sığortaçılar cari il ərzində topladıqları sığorta haqlarının az qala hamısını - 94,9 faizini ödəniş kimi geri qaytarıblar. Ötən ilin eyni dövründə bu, 45,6 faiz olmuşdu. Aqrar Sığorta Fondunun etdiyi ödənişlər isə topladığı sığorta haqlarının cəmi 15,9 faizi olub. 2021-ci ilin 11 ayında bu göstərici 1,5 faiz təşkil etmişdi.
Başqa sözlə, az qala topladığı vəsait qədər ödəniş edən digər sığortaçılar Aqrar Sığorta Fondunun hesabına böyüməkdə olan aqrar sığorta bazarını tərk etməkdədirlər.
Ceyhun Piriyev, “İki sahil”