25 dekabr 2022 15:32
611

Çində Azərbaycanın “Elektron Hökumət” portalı haqqında təqdimat olub

Çin Xalq Respublikasının Yanşan Universiteti ilə Hebey əyaləti Dövlət Siyasətinin Təhlili və Tədqiqi Mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyinin nəzəriyyə və təcrübəsinin sərhədləri” mövzusunda 2-ci beynəlxalq simpozium keçirilib.

“İki sahil” xəbər verir ki, Hebey əyaləti üzrə yerli idarəetmə orqanları rəsmilərinin, 10-dan çox ali təhsil ocağının rəhbər və professor heyətinin, müxtəlif ölkələrdən gənc tədqiqatçıların iştirak etdiyi simpozium 9 istiqamət üzrə 4 panel müzakirələrini əhatə edib. Ümumilikdə 51 elmi mühazirə və təqdimatın dinlənildiyi simpoziumda Hebey əyaləti Dövlət Siyasətinin Təhlili və Tədqiqi Mərkəzinin əsas eksperti, Yanşan Universitetinin doktorantı, azərbaycanlı gənc tədqiqatçı Sadiq Qaçayev “Rəqəmsal idarəetmə və informasiya təhlükəsizliyi: Azərbaycan nümunəsi. E-Hökumət portalı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, bu vacib sahələrin dövlət idarəçiliyində əsas elementlərdən biri olması, rəqəmsal idarəetmə və onun Azərbaycanda tətbiqi haqqında geniş məlumat verilib.

Azərbaycan rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışan gənc tədqiqatçı konkret nümunə kimi ölkəmizin “Elektron Hökumət” portalını (e-gov.az) təqdim edib.

Bildirilib ki, son illər qabaqcıl ölkələrdə inkişafın əsas göstəricilərindən biri məhz “Elektron hökumət”in formalaşdırılması hesab olunur. Azərbaycan da bu istiqamətdə əhəmiyyətli dərəcədə böyük işlər görür və “Elektron Hökumət” portalının yaradılması da bunun bariz nümunəsidir. Qeyd olunub ki, adıçəkilən portal Azərbaycanın bütün vətəndaşlarına, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə çox gözəl şərait yaradır. Yaradılan bu imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təminatı üçün bu portal “bir pəncərə” prinsipi əsasında təşkil olunub.

Təqdimat zamanı “Elektron Hökumət” portalının uğurlu tətbiqi haqqında daha detallı məlumat verilib, mövzuya dair suallar cavablandırılıb.