Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda edilmiş dəyişiklikləri imzalayıb.
Dəyişikliyə görə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə ediləcək.
Həmçinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-5.5-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 (beş) iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min manatadək məbləğdə cərimələnəcək.
Eyni zamanda, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni fərdi rəqəmsal hesabın yaradılması zamanı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2-13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;
- 16-18 yaşarası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;
-16-18 yaşarası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;
- toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;
- fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə ediləcək.
Bu Məcəllənin 388-4.1-388-4.3-cü maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər doqquz min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər qırx beş min manatdan əlli min manatadək məbləğdə cərimələnəcək.