28 dekabr 2022 10:01
379

“Özbəkneftqaz” SOCAR-ın ekoloji layihələrlə bağlı təcrübəsini öyrənir

SOCAR-ın dəvəti ilə "Özbəkneftqaz" Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət işçi qrupu Bakıya gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə "UZDAILY" məlumat yayıb.

Qeyd edilib ki, işgüzar səfər “Özbəkneftqaz” Səhmdar Cəmiyyəti ilə SOCAR arasında neft və qaz sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış 5 iyul 2022-ci il tarixli “Yol xəritəsi”nə uyğun olaraq təşkil olunub.

Səfərin məqsədi karbon emissiyalarının, qazma tullantılarının və neft şlamlarının azaldılması, o cümlədən lay sularının təmizlənməsi sahəsində həyata keçirilən layihələrlə tanış olmaqdır.

Səfərin ilk günü “Özbəkneftqaz” SC-nin işçi qrupunun “SOCAR”ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ilə görüşü təşkil olunub. Avropa Emissiya Ticarət Sistemi ("Emission Trading System") çərçivəsində istehsalat obyektlərinə səfərlər, o cümlədən sertifikatlaşdırma və emissiyaların ticarəti proqramı müzakirə edilib.

Onlar Tullantıların İdarəedilməsi Mərkəzinə (Waste Management Center) də baş çəkmiş, tullantı qazma məhlulunun təmizlənməsi və qiymətli sürtkü yağlarının çıxarılması üzrə Almaniyanın “Econ” zavodunun işi ilə tanış olmuşlar.

Bundan əlavə, qazma şlamlarının bərk kütləsindən neft məhsullarının çıxarılması üçün nəzərdə tutulmuş dekanter və trikanter qurğularına da baxılıb.

Səfər zamanı onlar Tağıyev adına keçmiş neft yatağının ərazisində salınmış Eko-Parkda olublar. Bu Eko-Park intensiv ağac əkilməsi və daimi qulluq vasitəsilə neftlə çirklənmiş torpağın bərpasının mümkünlüyünü nümayiş etdirir.

İşgüzar səfərin yekunlarına əsasən, “Özbəkneftqaz” SC-nin mütəxəssisləri tədqiq olunan istiqamətlər üzrə SOCAR ilə gələcək əməkdaşlıq barədə razılığa gəliblər.