Azərbaycanda verilən kreditlərin faizlərinin yüksək olduğu daim müzakirə mövzusudur. Lakin qarşı tərəfin də arqumentləri var. Əsas arqument əmanətlərin faizlərinin də yüksək olmasıdır.
Bəs, əslində reallıq necədir?
Mərkəzi Bankın məlumatına görə, dekabrın 1-i tarixinə ölkədə milli valyutada verilmiş kreditlərin orta faiz dərəcəsi 14,21 faiz, o cümlədən hüquqi şəxslərə verilmiş kreditlərin orta faizi 10,02 faiz, fiziki şəxslərə verilmiş kreditlərin orta faiz dərəcəsi isə 16,15 olub. Yeni verilmiş kreditlərin orta faiz dərəcəsi isə 15,82 faiz təşkil edib. Kreditlərin faizlərinin daha geniş strukturu, o cümlədən istehlak kreditlərinin orta faiz göstəricisi açıqlanmır.
Bankların verdikləri kreditlərin mənbəyi olan depozitlərin və əmanətlərin orta faiz dərəcəsi isə dekabrın əvvəlinə milli valyutada 8,62 faiz, o cümlədən hüquqi şəxslər üzrə 5,08 faiz, fiziki şəxslər üzrə 9,31 faiz olub. Yeni cəlb edilmiş deposit və əmanətlərin orta faiz dərəcəsi isə 8,13 faiz təşkil edib.
Son bir ildə depozitlərin orta faizi 0,05 faiz bənd artıb, kreditlərin orta faizi isə 0,14 faiz bənd azalıb. Yeni cəlb edilmiş depozit və əmanətlərin faizləri isə 0,32 faiz bənd, kreditlərin faizləri isə 1,14 faiz bənd azalıb. Belə görünür ki, depozit və əmanətlərlə müqayisədə kreditlərin faizləri daha çox azalıb. Lakin depozit və əmanətlərlə kredit faizləri arasında fərq kifayət qədər böyük olmaqda davam edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bugünlərdə “oxu.az”a müsahibəsində deyib ki, kredit faizlərini aşağı salmaq inzibati yolla qeyri-mümkündür: “Bankların özü də kommersiya strukturudur. Kredit faizlərini aşağı salmaq üçün onların cəlb etdikləri pulun da faizləri aşağı olmalıdır. Yəni, bu məsələnin iki tərəfi var. Bankların istifadə etdiyi kreditlərin böyük hissəsi insanların banklara qoyduqları əmanətlərdir. Əgər əmanətlərin faiz dəyəri 7, 8, 9-dursa, avtomatik bu, kreditin dəyəri deməkdir. Avropa ölkələrində bu gün əmanətlərin faizləri sıfırdır, hətta bəzi hallarda vətəndaş özü banka pul ödəyir ki, pulunu bank saxlasın. Ona görə də Avropada banklar rahatlıqla 2-3 faizlə kredit verə bilirlər”.
Komitə sədri qeyd edib ki, banklar ölkə daxilində olmasa da, ölkə xaricində ucuz pul kütləsini tapıb Azərbaycana gətirməklə kredit faizlərini aşağı salmağı bacara bilirlər: “Düşünürəm ki, bunlar baş verdikcə Azərbaycanda kredit faizlərinin enməsinin şahidi olacağıq”.
Bu arada haşiyə çıxaraq qeyd edək ki, cari ilin yanvar-noyabr ayları üzrə orta illik inflyasiyanın 13,8 faizə, illik inflyasiyanın 15,1 faizə çatmasına baxmayaraq depozitlərin faizlərinin ondan xeyli geri qalması depozit və əmanət sahiblərinin real gəlir əvəzinə zərərlə üzləşmələrindən xəbər verir.
Xarici valyutada depozit və kreditlərə gəlincə, burada vəziyyət bir qədər fərqlidir. Dekabr ayının 1-i tarixinə bankların xarici valyutada cəlb etdikləri depozit və əmanətlərin orta faiz dərəcəsi 1,4 olsa da verdikləri kreditlərin orta faizi 4,76 olub. Lakin bu kreditlər istehlakı əhatə etmir. Belə ki, 2016-cı ildə təsdiq edilmiş Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma Prinsiplərinə görə, kiçik istisnalar olmaqla xarici valyutada istehlak kreditləri verilə bilməz. Lakin buna baxmayaraq Mərkəzi Bankın məlumatlarından belə aydın olur ki, dekabrın əvvəlinə bankların kredit portfeli ilin əvvəli ilə müqayisədə 18,1 faiz artıb. Ən böyük artım istehlak kreditlərində qeydə alınıb. İlin əvvəli ilə müqayisədə dekabrın 1-i tarixinə verilmiş istehlak kreditlərinin məbləği 27,7 faiz çoxalıb. Bu dövrdə, həmçinin ipoteka kreditləri 21,9 faiz, biznes kreditləri isə 12,7 faiz artıb.
Ceyhun Piriyev, “İki sahil”