“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikata layiq görülüb.
“İki sahil” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, sertifikat ASCO-ya 260 illik tarixə malik, 120-dən çox ölkədə fəaliyyət göstərən, dünyanın 30-dan çox akkreditasiya qurumunun tanıdığı Böyük Britaniyanın LRQA (Lloyd's Register) beynəlxalq təsnifat cəmiyyətinin audit xidmətinin 2022-ci ilin 28-29 oktyabr və 14-18 noyabr tarixlərində apardığı ilkin və təkrar yoxlamaların nəticəsində verilib. ASCO-da tətbiq olunan korrupsiyaya qarşı idarəetmə sistemi ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tələblərinə tam uyğun hesab olunub.
"2014-cü ildə ASCO üzrə Korrupsiya ilə Mübarizəyə dair Təlimat” təsdiq olunub. Hüquq pozuntularına dair məlumatları vaxtında əldə etməklə qarşısının alınmasını təmin etmək məqsədilə “Qaynar Xətt” əlaqə mərkəzi yaradılıb. 2015-ci ildə isə ASCO daxilində və qarşı tərəflərlə münasibətlərdə davranış normalarını, habelə biznes fəaliyyətinin təşkilində etika prinsiplərini müəyyənləşdirən, ASCO-nun fəaliyyətində şəffaflığın təminini əks etdirən “Biznes Etikası Məcəlləsi” təsdiqlənib. ASCO qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq korrupsiya əleyhinə daha effektiv menecment sisteminin qurulmasını, həyata keçirilən tədbirlərin gücləndirilməsi və mövcud sistemin təkmilləşdirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, ASCO-da tətbiq olunan keyfiyyət menecmenti sistemlərinin davamı kimi ötən ildən ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tətbiqinə qərar verilib. Bu məqsədlə ötən il yanvarın 29-da ASC-da "Korrupsiyaya Qarşı Mübarizə Qaydaları” təsdiq edilib. Bu, ASCO daxilində ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartına uyğun olaraq korrupsiyaya qarşı mübarizə üzrə menecment sisteminin yaradılması, tətbiqi, fəaliyyət göstərməsi ilə bağlı zəruri prosedurların və nəzarət tədbirlərinin müəyyənləşdirilməsi, onların işlək vəziyyətdə saxlanması qaydalarını, habelə qeyd olunanlar üzrə ASCO-nun niyyət və istiqamətlərini əks etdirir", - deyə ASC bəyan edib.