30 dekabr 2022 01:15
584

Regionların inkişafı: Dövlət proqramları iqtisadiyyata nə qazandırıb?

Regionların inkişafı ölkəmizdə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İndiyədək bu sahədə qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki üç Dövlət Proqramının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Hazırda icra edilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da 4 ili başa çatmaqdadır. Bu müddətin bir hissəsini COVID-19 pandemiyası əhatə etsə də regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər davam etdirilir.

Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramından (2004-2008-ci illər) bir il əvvəl - 2003-cü ilə nisbətən 2021-ci ildə qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul istehsalı 3,1 dəfə (son 19 ildə 3,4 dəfə), sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 3,6 dəfə artıb. Kənd təsərrüfatı məhsulu 2 dəfə, yük daşınması 1,8 dəfə, sərnişin daşınması 1,3 dəfə və informasiya və rabitə xidmətlərinin həcmi 15,4 dəfə çoxalıb.

İqtisadiyyatın böyüməsində investisiya qoyuluşu böyük əhəmiyyət kəsb edir. Bu baxımdan 2003-2021-ci illərdə ölkədə əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2,7 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4,1 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycana ümumilikdə 288,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Bu ilin göstəricilərini də nəzərə alanda Azərbaycana son 19 ildə 300 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub.Həmçinin xarici investisiyalar 2,2 dəfə artıb. 2004 - 2021-ci illərdə Azərbaycana 142 milyard ABŞ dolları həcmində xarici investisiya qoyulub. Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar 7,2 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 2003-cü illə müqayisədə 2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 dəfə, o cümlədən, idxal 4,5 dəfə, ixrac 8,6 dəfə artıb. Qeyri-neft-qaz məhsullarının ixracı isə 7,3 dəfə çoxalıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icra olunduğu müddətdə dövlət büdcəsinin gəlirləri 21,6 dəfə, xərcləri isə 22,2 dəfə artıb. Bu dövrdə əhalinin nominal gəlirləri 10 dəfə və əhalinin banklardakı əmanətləri 36,7 dəfə artıb. Minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum məbləği 10 dəfə çoxalıb. 2003-cü illə müqayisədə 2021-ci ildə orta aylıq nominal əməkhaqqı 9,5, pensiyaların orta aylıq məbləği isə 13,9 dəfə yüksəlib.

Gələn il “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın sonuncu ilidir. Qeyd etdiyimiz kimi, icra müddətinin bir hissəsi COVID-19 pandemiyasına təsadüf etsə də bu Dövlət Proqramı da ölkənin iqtisadi inkişafına töhfəsini verəcək.

Ceyhun Piriyev, “İki sahil”