31 dekabr 2022 01:15
680

2022 hansı göstəricilərlə yadda qalacaq? - İlin iqtisadi yekunu

Azərbaycan iqtisadiyyatı daha bir ili müsbət notlarla başa vurmaqdadır. Ümumilikdə yanaşdıqda,  cari ilin 11 ayının (bəzi sahələrdə 10 ayının) göstəriciləri onu deməyə əsas verir ki, iqtisadiyyatda pandemiyanın təsirlərindən sonrakı bərpa prosesi davam edib.

Təkcə yanvar-noyabr aylarında ölkədə 121,4 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalsa da, qeyri neft-qaz sektorunda 9,2 faiz artıb.

Bu il iqtisadiyyatda sənayenin payı daha artıb. Əgər ötən ilin yanvar-noyabr aylarının yekununda ÜDM istehsalının  41,6 faizi sənayenin payına düşmüşdüsə cari ilin eyni dövründə bu nisbət 52,7 faizə yüksəlib. İqtisadiyyatın, həmçinin 8 faizini ticarət, 5,9 faizini nəqliyyat və anbar təsərrüfatı, 5 faizini kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizini tikinti, 1,5 faizini turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizini informasiya və rabitə sahələrinin, 14,3 faizini digər sahələr təşkil edir.

Hərçənd ki, yanvar-noyabr aylarında sənaye istehsalında artım olmayıb. Belə ki, 80 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5 faiz artıb. Sənaye məhsulunun 76,1 faizi mədənçıxarma sektorunda, 20,1 faizi emal sektorunda, 3,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8 faiz artıb. Kompüter, elektron və optik, içkilərin, tütün məmulatları, neft, toxuculuq sənayesi məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri istisna olmaqla emal sənayesinin digər sahələrində artım olub. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7 faiz artıb.

Cari ildə iqtisadiyyata investisiyalar qeyri-neft sektoru hesabına artıb. Bu ilin 11 ayında əsas kapitala 13 milyard 53,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 14,7 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,5 faiz artıb. İstifadə olunmuş vəsaitin 7 milyard 161,1 milyon manatı və ya 54,9 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 69,1 milyon manatı (38,8 faizi) xidmət sahələrinə, 823,4 milyon manatı (6,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Həmçinin vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 48,4 faiz, büdcə vəsaitləri 37,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, bank kreditləri 2,7 faiz, sair vəsaitlər isə 3,8 faiz təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 10 milyard 81 milyon manatını və ya 77,2 faizi yerlidir. Vəsaitlərin 9 milyard 596,1 milyon manatı və ya 73,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Bu dövr Bakı şəhərində Tədris və Xidmət Kompleksi, “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binası, “Qobu” yarımstansiyası və “Qobu” Elektrik Stansiyası, Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutunun yeni binası, 7 saylı “ASAN xidmət” mərkəzi, “Bilim Bakı” mərkəzi, Zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodu, şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksi, 110/35/10 kilovoltluq elektrik yarımstansiyası, Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzi, Badam emalı zavodu, Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası, 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi, Gəncə şəhərində Gəncə Dövlət Dram Teatrının yeni binası, Gəncə regional “ASAN xidmət” Mərkəzi, Gəncə lokomotiv deposu, Ağsu rayonunda Gənc Sənətkarlar Mərkəzi, Dövlət Rəmzləri Muzeyi, Ağcabədi rayonunda Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi şəhərciyi, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu, Kəlbəcər rayonunda “Kəlbəcər1” Kiçik Su Elektrik Stansiyası, Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsi, Arximed turbini tipli Su Elektrik Stansiyası və s. mühüm əhəmiyyətli obyektlərin istifadəyə verilməsi ilə yadda qalacaq.

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 181 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal edilib. Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsinin 35 milyard 45,6 milyon dollarını və ya 75,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 11 milyard 587,6 milyon dollarını (24,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 23 milyard 458 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,7 faiz artıb. On ay ərzində qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 16,2 faiz, real ifadədə 6 faiz artaraq 2 milyard 386 milyon dollar təşkil edib.

Bütün bunların fonunda 10 ayda ötən ilin eyni dövrünə nisbətən ölkə iqtisadiyyatında iş yerlərinin sayı 27 min nəfər artıb. Noyabrın 1-i tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 min nəfər və ya 1,6 faiz artaraq 1 milyon 729,3 min nəfər olub. Onlardan 900,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu il, həmçinin ilk dəfə orta aylıq əməkhaqqı məbləği 800 manatı ötüb. Yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib. Ənənəvi olaraq iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.

Əhalinin ümumilikdə gəlirləri isə 20 faizi ötüb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 20,5 faiz artaraq 62,2 milyard manat təşkil edib.

Gəlirdən bəhs edərkən inflyasiyanı da yaddan çıxarmaq olmaz. Cari ilə ikirəqəmli göstərici (12,5 faiz) ilə başlasaq da 11 ayının yekununda bu göstərici cəmi 1,3 faiz bənd yüksələ bilib (13,8 faiz). On bir ayda bu göstərici ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz təşkil edib.

Ən əsası isə milli valyutanın məzənnəsi bu il sabit qalıb. Bu, biznes üçün son dərəcə vacib amil olmaqla yanaşı, inflyasiyanın da cilovlanmasında xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə, sabit məzənnə olmasaydı, inflyasiyanın həddi daha yüksək ola bilərdi. 

Ceyhun Piriyev, “İki sahil”