Xəbər verildiyi kimi, Vergi Məcəlləsinə növbəti dəfə dəyişikliklər edilməsi gözlənilir. 2023-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan Vergi Məcəlləsinə dəyişiklik layihəsi əsasən 5 istiqaməti əhatə edir. Birinci istiqamət ölkədə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviq edilməsidir. Ləğv prosesində olan bankların sabit vergi xərclərinin azaldılmasını ikinci istiqamət kimi göstərə bilərik. Üçüncü istiqamət vergi inzibatçılığında bir sıra tənzimlənməyən məsələlərin tənzimlənməsini, eyni zamanda, təkmilləşdirilməsini nəzərdə tutur. Dördüncü istiqamətin hədəfi əhalinin vergi və maliyyə yükünün sosial xarakterli güzəştlərlə azaldılmasıdır. Beşinci istiqamət isə ölkənin beynəlxalq reytinqinin artırılması və qorunması kimi dəyişiklikləri əhatə edir.
Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsidir. Hazırda qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən, sözügedən Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti hesab edilir. Bu hal isə vətəndaşların aylıq ödənişlərinin artırmaqla əhalinin mənzil tələbatının reallaşdırılması imkanlarını məhdudlaşdırır. Nəticə etibarilə ƏDV-nin tətbiqi satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminin səmərəliliyinin azalmasına gətirib çıxarır.
Bu baxımdan ƏDV-dən azad edilmə satmaq öhdəliyi ilə kirayə verilən mənzillərin aylıq ödənişinin əhəmiyyətli dərəcədə azalmasına şərait yaratmaqla bu mexanizmin cəlbediciliyini artıracaq.
Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışlarında respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 min manatadək hissəsinin gəlir vergisindən azad edilməsidir. Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinin hazırkı redaksiyasına əsasən, beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər, rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək hissəsi gəlir vergisindən azad edilir. Ötən dövr ərzində beynəlxalq, ölkələrarası, habelə ölkədaxili idman yarışları ilə bağlı pul şəklində verilən mükafatların dəyərinin kifayət qədər artsa da qeyd edilən güzəşt məbləğlərinin uzun müddətdən bəri dəyişməyib.
Layihədə şəhid ailələrinə xüsusi yanaşma nəzərdə tutulub. Belə ki, onların övladları, valideynləri və həyat yoldaşlarının aylıq gəlirinin 800 manatadək hissəsi gəlir vergisindən tam şəkildə azad olunacaq. Qüvvədə olan qanunvericiliyə görə 1990-cı il 20 Yanvar hadisələri zamanı SSRİ qoşunlarının müdaxiləsi nəticəsində şəhid olan şəxslərin valideynləri və həyat yoldaşları üçün 100 manatlıq vergidən azadolma güzəşti verilir. Gələn ildən həmin güzəşti əldə edən şəxslərin dairəsinə onların övladları da aid ediləcək.
Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində sosial xarakterli dəyişikliklər sırasında hibrid avtomobillərə verilən güzəştlərin müddətinin artırılması nəzərdə tutulur. Belə ki, 2022-ci il yanvarın 1-dən mühərrik həcmi 2500 kub santimetrədək olan istehsal müddəti 3 ildən çox olmayan hibrid avtombillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu güzəştin müddətinin 1 yanvar 2025-ci ildə bitməsi nəzərdə tutulurdu. Lakin həmin güzəştin müddətinin daha 1 il uzadılması gözlənilir.
Vergi Məcəlləsinə dəyişiklik layihəsində, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri, eyni zamanda, sadələşdirilmiş vergi üzrə azadolmalar nəzərdə tutulub.
Gələn ildən sahibkarların istehsal sahələri qurmaq üçün Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq siyahıda müəyyən olunacaq kateqoriya üzrə əsas vəsaitlərin idxalının ƏDV-dən azad olunması nəzərdə tutulur. Nəticədə sahibkarların istehsal sahələrinin qurulması ilə bağlı idxal etdikləri əsas vəsaitlərə daha az xərc çəkəcəklər.
Ceyhun Piriyev, “İki sahil”