30 dekabr 2022 23:44
550

2022: Enerji diplomatiyamızın uğur ili

Bu diplomatiyanın hədəfləri də bəllidir: Enerji təhlükəsizliyi sahəsində dünyada etibarlı və perspektivli tərəfdaş olmaq, təbii sərvətlərimizdən milli maraqlarımıza, strateji əməkdaşlığa uyğun istifadə etmək

Azərbaycanın tarixinə uğur ili kimi yazılan daha bir ilimizi yola salırıq. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərimizlə ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən tərəqqi vətəndaşların sosial həyat tərzini daha da yaxşılaşdırır, bölgələr üzrə nəzərdə tutulan islahatlar aparılır, layihələr həyata keçirilir. Ermənistanın işğalından azad olunan ərazilərimizdəki bərpa –quruculuq işlərinin mərhələlərlə həyata keçirilməsi Böyük Qayıdışın uzaqda olmadığından xəbər verir. Dünyanın enerji xəritəsini dəyişən Azərbaycan enerji siyasətinin uğurları bu inkişafda xüsusilə diqqəti cəlb edir.

Paytaxtımızda Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərinin təşkili, Bakı Enerji Forumunun keçirilməsi, Azərbaycanın dialoq mərkəzi kimi seçilməsi dünyanın enerji xəritəsində önəmli yeri olan ölkəmizə etimad kimi dəyərləndirildi. Respublikamızın enerji təhlükəsizliyi ilə bağlı təşəbbüslərini dəstəkləyənlərin etirafları ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının uğur salnaməsi olmaqla ölkəmizə marağı artırır. Bakı Enerji Həftəsi çərçivəsində Şuşada keçirilən «Xalis sıfra aparan yol: İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialının inkişafı»” mövzusunda xüsusi sessiyada Azərbaycanın «yaşıl enerji» siyasəti qabaqcıl təcrübə kimi dəyərləndirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi çərçivəsində 20 meqavatlıq elektrik stansiyalarının istismara verilməsi, Şuşa da daxil olmaqla bu ərazilərdə 19 yarımstansiyanın inşa və bərpa edilməsi strateji hədəflərimiz olan işğaldan azad edilmiş ərazilərdə enerji ehtiyatlarından səmərəli istifadə ilə müasir çağırışlara, qlobal iqlim dəyişikliyi probleminin həllinə diqqətin artırılması yeni əməkdaşlıq formatının təşkili deməkdir.

«Azərbaycan Avropa ölkələrinin alternativsiz enerji mənbəyidir» sözləri 2022-ci ildə qazanılan uğurlarla təsdiqlənir. Bu ilin iyul ayında Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə birlikdə mətbuata bəyanatla çıxış edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan «Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu» ölkəmizin enerji diplomatiyasının coğrafiyasının genişləndirməklə qitə dövlətləri arasındakı münasibətləri daha da möhkəmləndirdi.

Enerji tərəfdaşlığımızın növbəti uğuru Yunanıstan və Bolqarıstan arasında interkonnektorun istifadəyə verilməsi olsa da, sonuncu da deyildi. Bu interkonnektorun açılması Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində faydalı əməkdaşlığı genişləndirməklə göstərdi ki, Azərbaycan Xəzər dənizində, Bolqarıstan isə öz növbəsində qeyri-sabit Qara dənizdə strateji mövqeyə malik tərəfdaş ölkələrdir. Çünki interkonnektorun istifadəyə verilməsi daha geniş coğrafi perspektivdə region üçün yeni imkanlar açır. Həmin mərasimdə yeni interkonnektoru Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun hissəsi adlandıran Prezident İlham Əliyevin «Beləliklə, əminəm ki, bu yaxınlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Külək enerjisi sahəsində təkcə Xəzər dənizində təsdiq edilmiş potensialımızın həcmi 157 qeqavatdır. Hazırda biz avropalı tərəfdaşlarımızla bu enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparırıq» sözləri az keçməmiş həyatda təsdiqləndi. Avropa Komissiyası ilə Anlaşma Memorandumunda nəzərdə tutulan 2027-ci ilə qədər təbii qazın təchizat həcminin ən azı iki dəfə artırılması ilə bağlı aparılan müzakirələrdə proqnozlar müəyyənləşdirildi. Qeyd olunduğu kimi, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsi təkcə layihədə iştirak edən tərəflər üçün deyil, həm də bütövlükdə Avropa üçün xüsusi əhəmiyyətli hadisədir. Bu interkonnektor regionda həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə təbii qaz şəbəkəsinin inkişafına töhfə verəcək”.

Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı keçirdiyi görüşlərdə də enerji təchizatı ilə bağlı müzakirələrin əsas mövzusu dünyada enerji böhranının yarandığı indiki məqamda qitə dövlətlərinin enerji ilə təchizatında mühüm rolu olan Azərbaycanın korbohidrogen ehtiyatlarından səmərəli istifadə oldu. Çünki Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən Azərbaycan bu ölkəni enerji ilə təmin edir. «Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq» sözləri ilə ölkəmizin neft strategiyasının nailiyyəti olan neft-qaz kəmərlərinin şaxələndirilməsi siyasətindən ətraflı danışan Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda da qitə dövlətlərinin enerji ilə təchizatında Azərbaycanın tükənməz potensiala malik olduğunu diqqətə çatdırıb. Çernobbio Forumunda «Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu» mövzusunda çıxış edən, yeni dünya nizamında Azərbaycanın enerji diplomatiyasının uğurlarından, enerji strategiyasının mühüm məqamlarından, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən söz açan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində dünyada etibarlı və perspektivli tərəfdaşdır, təbii sərvətlərimiz milli məqsədlərə , strateji maraqlara xidmət edir.

Bakıda, ADA Universitetində «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda beynəlxalq konfransda qədim İpək Yolunun üzərində yerləşən Azərbaycanın geostrateji əhəmiyyəti daha ətraflı diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və səyləri regional əhəmiyyətə malikdir. Aktual, eyni zamanda, qlobal miqyaslı geosiyasət, təhlükəsizlik, iqtisadiyyat, enerji ilə təminat məsələlərini əhatə edən Orta Dəhliz layihəsinin əsas iştirakçılarından olan, Avropa ölkələrinin enerji ilə təminatında rolu artan Azərbaycanın artıq bərpaolunan enerji mənbələrindən istifadə sahəsində zəngin təcrübəsi var.

Bu günlərdə Buxarestdə «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»in imzalanması mərasimində ölkəmizin enerji diplomatiyasının uğurlarından bəhs edən Prezident İlham Əliyev imzalanan sənədi uzunmüddətli əməkdaşlıq üçün təməl adlandırıb. Rumıniyanın Prezidenti Klaus Yohannis «Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyi hədəfə alarıq. Dəniz nəqliyyat əlaqələrinin bizim Konstantadakı limanımızdan Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur. Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq» sözləri ilə ölkəmizin həqiqi mənada Orta Dəhliz layihəsinin əsas tərəfdaşı olduğunu bildirib.

Bu layihə həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə tərəfdaş ölkələrə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.

Göründüyü kimi, Avropa dövlətləri üçün alternativsiz mənbə olan Azərbaycanın enerji diplomatiyasının coğrafiyası genişlənir. XXI əsrin möcüzəsi adlandırılan Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrin - Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın əməkdaşlığının qarşılıqlı etimad əsasında uğurlu davam etməsi ölkəmizin enerji diplomatiyasının, şaxələndirmə siyasətinin təntənəsidir. Bəllidir ki, Azərbaycan təkcə neft - qaz hasil etmir. Eyni zamanda, elektrik enerjisi ixrac edən ölkə kimi maraq doğuran respublikamız yenilənən enerjiyə investisiya yatırmaqda da maraqlıdır. Zəngin alternativ enerji mənbəyinə malik Azərbaycanla dünyanın ən böyük qurumlarından olan «ACWA Power» və «Masdar» şirkətləri ilə təməlqoyma mərasimlərinin keçirilməsi, günəş, külək elektrik stansiyalarının inşası ilə bağlı danışıqların aparılması ölkəmizin enerji diplomatiyasına əlavə dividendlər qazandıracaq.

Avropanın mühüm elektrik enerjisi təchizatçısı Azərbaycanın yaşıl enerji ilə təminat sahəsində də rolu artır. Azərbaycanın bərpaolunan enerji potensialı, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 2027-ci ilə qədər ölkəmizdə 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin istehsalı da planlaşdırılır ki, onların 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin yaradılması da nəzərdə tutulur.

Prezident İlham Əliyevin Bakıda səfərdə olmuş Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizin enerji siyasətinin beynəlxalq miqyasda dəstəklənməsi neft strategiyamızın növbəti uğurlardandır.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə əməkdaşlığın faydalı nümunəsi kimi qiymətləndirildi.

Yunanıstan- Bolqarıstan interkonnektorunun açılışında «Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm. Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”» söyləyən Serbiya Prezidenti Aleksandar Vuçiç bu günlərdə Bakıda səfərdə olarkən ölkəmizlə enerji, müdafiə sənayesi üzrə əlaqələrin yaranmasında maraqlı olduğunu «Hesab edirəm ki, bu əməkdaşlıq, həm elektrik enerjisi, həm də Serbiyanın yaxın gələcəkdə Azərbaycandan alacağı qaz təchizatı baxımından daha da genişlənəcək» sözləri ilə bildirib.

Xuraman İsmayılqızı, «İki sahil»