Başa çatan ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 688,09 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur
Prezident İlham Əliyevin vaxtaşırı şəhər və rayonlara səfərləri zamanı sosial obyektlərin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etməsi və bu zaman müvafiq strukturların nümayəndələrinə tapşırıqlar verməsi, həmçinin müəyyən layihələrin icrası ilə bağlı müvafiq sərəncamlar imzalaması son nəticədə sosial-iqtisadi inkişafı daha da sürətləndirir, əhalinin rifahının yaxşılaşmasına mühüm təsir göstərir. Xüsusilə, son illər ərzində respublikada sənaye parklarının yaradılmasına xüsusi həssaslıqla yanaşılması ölkəmizin qeyri-neft sektorunun sürətli inkişafını, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının sürətlə artmasını şərtləndirib. Sənaye parklarının yaradılması ilə iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri olan qeyri-neft sənayesinin sürətli inkişafı reallaşıb və qısa müddətdə bu sahədə mühüm uğurlar əldə edilib. Başqa sözlə, qeyri-neft sənayesində dinamik inkişafa nail olunub, yüksək texnologiyalar, innovativ metodlar və mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə hesabına sənaye istehsalı genişləndirilib, yüksək əlavə dəyər yaradan məhsul istehsalına başlanılıb.
Bu gün Azərbaycan daxili tələbatını ödəməklə yanaşı, dünya bazarına qeyri neft-qaz sənayesi, kənd təsərrüfatı məhsulları ixrac edir. Açıqlanan statistik rəqəmlərdən aydın görünür ki, qeyri-neft sektoru üzrə məhsulların istehsal və ixrac dinamikası yüksələn xətt üzrə inkişaf edir. Belə ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 688,09 milyon ABŞ dolları təşkil edib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur. Təkcə bu ilin noyabr ayında isə Azərbaycan 302,13 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,2 faiz çoxdur. Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2020-ci illə müqayisədə 47,2 faiz artaraq 2 713,4 milyon ABŞ dolları təşkil edib. Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Qazaxıstan qərarlaşıb. Son on ayda Rusiyaya 687 milyon dollar, Türkiyəyə 582,4 milyon ABŞ dolları, Gürcüstana 164,4 milyon dollar, İsveçrəyə 152,5 milyon dollar, Qazaxıstana isə 74,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Hazırda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün ölkənin regionlarında lazımı şərait və imkanlar mövcuddur. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib. Qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımdan əhəmiyyətli hesab olunur. Sənaye zonaları təşkili ilə, eyni zamanda, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin səmərəliliyinin artırılmasında, rəqabətədavamlı məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, ən əsası isə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm göstəricilər əldə edilib.Yeri gəlmişkən, xatırladaq ki, respublikada sənaye zonalarında idarəetmənin təkmilləşdirilməsi üçün Prezident İlham Əliyevin 2021-ci il 22 yanvar tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Hazırda həmin agentlik 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması, habelə inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir. Sənaye zonalarının səmərəli fəaliyyət göstərmələri üçün bu müəssisələrdə sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb. Belə ki, rezidentlərin tam infrastruktur sistemi ilə təminatı dövlət vəsaiti hesabına gerçəkləşib. Hər bir rezident qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və 7 il müddətinə gömrük rüsumlarından azad olunub.
Sevinc Azadi, “İki sahil”