Qarşıda daha nələr gözlənilir?
Hər il olduğu kimi, 2023-cü ildə də bizləri hansı hadisələrin gözləyəcəyi böyük maraq doğurur. Sülh dövründə əhalinin rifahının əsasən sosial-iqtisadi sferada baş verənlərlə bağlı olduğundan qarşıdakı bir il ərzindəki əsas gözləntilər də bu sahəni əhatə edir.
Əvvəlcə ondan başlayaq ki, ölkə əhalisi bu ilə xoş xəbərlə başlayıblar. Belə ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanılıb.
Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.
Yeni Sərəncama əsasən, həmçinin minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçıya şamil olunacaq.
Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.
Maraqlıdır, 2023-cü ildə daha nələr gözlənilir?
Əvvəlki illərdə olduğu kimi, bu il də manatın məzənnəsi ilə bağlı proqnozlar daha çox aktualdır. Baxmayaraq ki, neftin dünya bazarlarındakı qiyməti xeyli müddətdir ki, milli valyutanın məzənnəsi üçün əlverişli səviyyədədir. Eyni zamanda, qiymət artımlarının cari ildə də davam edib-etməyəcəyi ilə bağlı suallar mövcuddur.
Milli Məclisin deputatı Vüqar Bayramov xatırladıb ki, Mərkəzi Bank milli valyutanın məzənnəsinə təhdidlərin olmadığını bəyan edib. Lakin deputat bununla yanaşı, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya veriləcəyi də istisna etmir:
“Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci il neft bazarı üçün düşərli olsa da 2023-cü ilə birjalar heç də yüksək qiymətlə başlamayıb. “Brent” markalı neftin bir barrelinin qiyməti 80 dollardan ucuz təklif olunur. Köhnə ilin son günü ilə müqayisədə neftin qiyməti son 5 gündə 8 faizdən çox dəyər itirib. Bu isə neft ixrac edən ölkələrin valyuta gəlirləri baxımdan arzuolunan deyil. 2023-cü ildə qlobal iqtisadiyyatın durumu, Çində COVID-19 pandemiyasının yayılması coğrafiyası və tezliyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı strateji bazarlara təsir edəcək. “Böyük yeddiliyin” Rusiya neftinə qiymət tavanı müəyyənləşdirməsi isə “qara qızıl”ın qiymətində artımları xeyli dərəcədə məhdudlaşdırır”.
V. Bayramov onu da xatırladıb ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: “Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir”.
Azərbaycanda məzənnə rejiminə keçid edilmədiyini vurğulayan deputat qeyd edib ki, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, 2023-cü ildə də manatın məzənnəsinin qorunub saxlanması üçün imkan olacaq: “Neft və qazın qiymətinin yüksək, müsbət ticarət saldosu, 55 milyard ətrafında valyuta ehtiyatı, dollara ölkədə getdikcə azalan tələbat, ölkədən xaricə valyuta çıxaran kanalların daraldılması, valyuta ehtiyatlarına nəzarətin gücləndirilməsi və digər məqamlar Azərbaycan hökumətinə imkan verir ki, 2023-ci ildə də devalivasiya qərarı verilməsin. Eyni zamanda, 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına görə də manatın məzənnə stabilliyi qorunub saxlanılmalıdır. 2023-cü ilin büdcəsinin təhlili də bunu təsdiqləyir. Həm də axı hazırkı məqamda ölkədə makroiqtisadi tarazılığı qoruyub saxlamaq üçün manatın məzənnə stabilliyinə önəm vermək çox vacibdir. Neft qiymətlərində kəskin enişlər baş verməzsə və bu enişlər aylarla davam etməzsə, hökumət üçün manata olan təzyiqi qarşılamaq çətin olmayacaq”.
Ekspert deyir ki, inflyasiyanın 2023-cü ildə hökumətin proqnozlaşdırdığı 6,9 faizlik göstəricidən yuxarı olması daha gözləniləndir: “İnflyasiyanın proqnozdan yuxarı olması proqnoz edilən gəlirlərdən daha çox gömrük və vergi yığımlarının əldə edilməsinə imkan verəcək. Bu da büdcə gəlirlərinin artmasına, büdcə kəsrinin proqnoz ediləndən daha az olmasına şərait yaradacaq”.
E. Əmirov, həmçinin bu qənaətdədir ki, buğdanın baha dövrü arxada qalıb, bu il qiymət artımı olmayacaq: “Taxılın ən yüksək qiyməti 2022-ci ildə geridə qalacaq. 2023-cü ildə hər hansı ciddi ərzaq çatışmazlığının olmayacağını düşünürəm”.
İqtisadçının sonuncu fikrinə əlavə edək ki, Azərbaycana ərzaqlıq buğda idxalının orta aylıq qiyməti ötən ilin sentyabrından başlayaraq enməkdədir. Təsadüfi deyil ki, hazırda 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti indiyədək ən yüksək hədd olan ötən ilin avqust ayı ilə müqayisədə 9,1 faiz ucuzlaşaraq 37 manata enib.
İqtisadçı Elman Sadıqovun sözlərinə görə, 2023-cü il Azərbaycanın sözün hər mənasında mövqelərini möhkəmlədəcəyi bir il olacaq. Manatın məzənnəsindən bəhs edən ekspert deyir ki, Strateji Yol xəritələrində üzən məzənnəyə keçid qeyd olunsa da orada əsas məsələlərdən biri ixracın diversifikasiya edilməsidir. Çünki ixracın diversifikasiyasına nail olmadan “üzən məzənnəyə” keçmək iqtisadiyyat üçün arzuolunmaz nəticələrə səbəb ola bilər: “Hazırda devalvasiya real deyil. Haqqında danışıb devalvasiya olacaq deyərək gözlənti yaratmaq isə devalvasiyanın özündən daha təhlükəlidir. Devalvasiya haqqında düşünməmək və bütün diqqət və enerjini inflyasiyanı cilovlamağa yönəltmək 2023-cü ilin əsas vəzifələrindən biri olacaq”.
Ceyhun Piriyev, “İki sahil”