07 yanvar 2023 02:58
582

Sahibkarlara 3 milyard manata yaxın güzəştli kredit verilib

Ölkəmizdə davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu məqsədlə Azərbaycanda indiyədək 41 min 475 sahibkarın ümumi dəyəri 6 milyard 380 milyon manat olan layihəsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən dövlətin 2 milyard 743 milyon manat güzəştli krediti verilib. Bu, o deməkdir ki, belə layihələrin reallaşdırılmasına yönəldilmiş vəsaitlərin orta hesabla 43 faizi dövlətə məxsus olub.

Güzəştli kreditlər hansı sahələrə verilir?

“Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 2-ci “Fondun güzəştli kredit vəsaitindən istifadə istiqamətləri” bəndinin icrası ilə əlaqədar iqtisadiyyatın sahələri üzrə müəyyən edilmiş prioritet istiqamətlər mövcuddur. Buraya ilk növbədə ölkə başçısının Fərman və sərəncamlarında, Dövlət proqramlarında, Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi layihələri aiddir.

Həmçinin kənd təsərrüfatı və qeyri-neft sənaye sahələri, tibb, təhsil, ictimai iaşə və ictimai nəqliyyat xidmətləri, logistik mərkəz, soyuducu, taxıl anbarı kompleksləri, yaşıl market, fermer mağazalarının yaradılması yönümlü layihələrin dəstəklənməsi də bu sıraya aiddir. Güzəştli kreditlər, həmçinin turizmin və qədim xalq sənətlərinin inkişafı, tikinti sektorunda istifadə olunan maşın, qurğu və avadanlıqların alınması üzrə layihələrə də yönəldilir. Belə vəsaitləri, eyni zamanda, kütləvi informasiya vasitələrinin inkişafı layihələri üçün də cəlb etmək mümkündür.  Bununla yanaşı, rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı, bərpa olunan enerjinin tətbiqi istiqamətində layihələrin dəstəklənməsi üçün də güzəştli kredit əldə etmək olar.

Burada ilk sırada qeyri-neft sektorunun inkişafı üzrə innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi dayanır. Eyni zamanda, idxaləvəzləyici və ixracyönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması, genişləndirilməsi də layihələrin qiymətləndirilməsində əsas meyarlardan biridir. Bundan başqa, aqroparkların, eləcə də aqrar sektorda müasir texnologiyaların tətbiqi ilə fermer təsərrüfatlarının və emal müəssisələrinin yaradılması, genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələri də qiymətləndirmədə üstünlük verilən amillərdəndir.

Kiçik və orta biznesin inkişafı prioritetdir

Ölkəmizdə özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. KOBİA tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmətlər KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi - KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə həyata keçirilir.

KOB inkişaf mərkəzləri KOB-ların biznes biliklərini artırmaq üçün ödənişsiz olaraq informasiya, məsləhət, təlim və biznes planın hazırlanması xidmətlərini təklif edir. Ölkənin regionlarında KOB-ların maraqlarının müdafiəsi, lazımi dəstək və xidmətlərə çıxışı 38 şəhər və rayonda fəaliyyət göstərən “KOB dostu” şəbəkəsi vasitəsilə reallaşdırılır.

KOB evləri isə sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.

Regionlardan sonra paytaxda da KOB evi yaradılıb

Yeri gəlmişkən, yanvarın 6-da Prezident İlham Əliyevin iştirakı ilə sayca 3-cü olan “Bakı KOB evi”nin açılışı olub. Burada sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə biləcəklər. Eyni zamanda, burada yaradılmış beynəlxalq ticarət, inkişaf və logistika zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.

Qeyd edək ki, sahibkarlar arasında KOB evlərinə maraq böyükdür.  Belə ki, hazırda fəaliyyətdə olan iki - Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 170 mindən çox xidmət göstərilib.

Ölkəmizdə kiçik və orta biznesə dövlət dəstəyi sadalananlarla yekunlaşmır. Belə ki, KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “startap” şəhadətnaməsi verilir, daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinə maliyyə dəstəyi göstərilir, onların ödənişsiz olaraq sərgilərdə iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək təmin olunur.

Ceyhun Piriyev, “İki sahil”