24 yanvar 2023 17:54
640

YAP Masallı rayon təşkilatı aparatında müşavirə keçirilib - FOTO

Yanvarın 24-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 2022-ci ilin yekunu və 2023-cü ildə qarşıda duran vəzifələr ilə əlaqədar Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin, eləcədə Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  

“İki sahil” xəbər verir ki, müşavirəni giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev məruzə edərək qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər, Ümummilli Lider Heydər Əliyev tərəfindən  müəyyənləşdirilən  siyasi kurs bu gün ölkə Prezidenti  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Ulu Öndər Heydər Əliyevin ideyalarına və siyasi strategiyasına daim sadiq qalaraq, onları yeni çalarlarla və müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsi məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi sayəsində öz həllini tapıb. Bizə bu günləri yaşadan, tarixi Zəfərimizə imza atan cənab Prezidentə hər zaman minnətdarıq. Hazırda qarşıda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyatı dirçəltmək, bərpa etmək kimi mühüm və şərəfli bir vəzifə dayanır. Əminik ki, Qarabağımız cənnətə çevriləcək, soydaşlarımız doğma torpaqlarına tam qayıdacaqlar.”

Seyfəddin Əliyev bildirmişdir ki, bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. 2021 -ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyanın və ölkənin inkişafında yeni mərhələnin əsasını qoyub. Görülən işlər mütəmadi olaraq təhlil edilir, müvafiq nəticələr çıxarılır və müəyyən olunmuş vəzifələrə və perspektiv hədəflərə dair müzakirələr aparılır, fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.

Seyfəddin Əliyev qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı əvvəlki illərdə olduğu kimi 2022-ci il ərzində də fəaliyyətini Yeni Azərbaycan Partiyası qurultayının qarşımıza qoyduğu vəzifələri həyata keçirmək, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıqlarını icra etmək və rayonumuzun bütün ictimai-siyasi həyatında yaxından iştirak etməkdən ibarət olmuşdur. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı öz fəaliyyətini “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında əsasnamə”sinə eləcə də rayon təşkilatının İş Planlarına uyğun olaraq qurmuş, qarşıda duran vəzifələr uğurla icra edilmişdir.  Rayon təşkilatı partiya üzvlərinin fəallıqlarının artırılması, ərazi partiya təşkilatları və partiya fəalları ilə ardıcıl və səmərəli işlərin aparılması təmin etmiş, ictimai və siyasi, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, şəhid ailələri və qazilərə qayğı göstərilməsi istiqamətində müxtəlif layihə, tədbir və aksiyalar keçirmişdir.

Qeyd olunub ki, rayon təşkilatının 2022-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illlik yubileyi münasibəti ilə  ərazi partiya təşkilatlarında “Yeni Azərbaycan Partiyası-30: vətənə, xalqa, dövlətə xidmət” devizi altında müxtəlif mövzularda tədbirlərin keçirildiyi deyən təşkilat sədri yubiley tədbirləri çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışının Zona birinciliyinin Masallı rayonunda yüksək səviyyədə keçirilməsini qeyd etdi.

2022-ci ildə rayon təşkilatı mükəmməl şəkildə təşkilatlanmış, partiya üzvlərinin fəal iştirakı təmin edilmiş, tədbirlər, layihələr həyata keçirilmişdir deyən Seyfəddin Əliyev:  “2022-ci ildə partiya sıralarına qəbul olunmaq üçün 377 nəfər ərizə ilə müraciət edərək partiya sıralarına qəbul edilmişlər. Onlardan 248 nəfəri qadınlar, 215 nəfəri gənclər təşkil etmişdir. Ümumi tərkibdə rayon təşkilatının qeydiyyatında 11251 nəfər partiya üzvü vardır. Onlardan 33.06%-i yəni 3720 nəfərini qadınlar, 20.86%-i yəni 2348 nəfərini gənclər təşkil edir”.

Seyfəddin Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar rayon təşkilatımızda vəzifələrin müəyyən edildiyini diqqətə çatdırdı.

Müşavirədə Bədəlan ərazi partiya təşkilatının sədri Arif Mehtiyev, Ərkivan ərazi partiya təşkilatının sədri Əfrail Fərziyev, Təklə ərazi partiya təşkilatının sədri Elşən Bəşirzadə, Babaser ərazi partiya təşkilatının sədri Nərgiz Məmmədova, Masallı Dövlət regional Kollec ərazi partiya təşkilatının sədri Vidadi Nəzərov və başqalarının 2022-ci ildə gördüyü işlər dinlənilmiş və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Çıxışlardan sonra partiya həyatında fəal iştirakına görə bir qrup YAP üzvü rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə təltif edilmişlər.