Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib.
“İki sahil” xəbər verir ki, göyərtəsində Azərbaycanın İrandakı səfirliyinin təxliyə edilmiş əməkdaşlarının və onların ailə üzvlərinin də olduqları təyyarə saat 22:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Xatırladaq ki, yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə qarşı xain terror hücumu törədib. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb. Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunun üzərinə atılaraq, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib.
Qeyd edək ki, terrorçu tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağı istisna edilmir.
Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar dərhal tviter hesabında paylaşım edərək bu xain terror aktını şiddətlə qınayıb, hücumun tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib. Azərbaycan Prezidenti diplomatik nümayəndəliklərə qarşı terror hücumunun qəbuledilməz olduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanatında baş verənlərin terror aktı olduğunu qeyd edib və bu hücumla bağlı hərtərəfli təhqiqat aparılması və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Səfirliyimizə xain hücum dünya ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənib və qəbuledilməz hesab olunub. Bəyanat, açıqlama və paylaşımlarda terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilib.
***
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.
“İki sahil” xəbər verir ki, səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.
***
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı saat 22:00-a qədər təxirə salınıb.
“İki sahil” xəbər verir ki, buna səbəb isə İran tərəfi tələbi olub.
***
Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, İranda şəhid olan Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülüb. Bu məqsədlə Azərbaycan tərəfindən təyyarə ayrılıb, Azərbaycana məxsus təyyarə Tehranda hava limanında gözləyir.
Lakin İran növbəti dəfə İslami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidirdi.
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir