Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının dəvəti ilə bu ölkədə səfərdədir.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində yanvarın 30-da Ankarada YAP Gənclər Birliyi və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib.
YAP Gənclər Birliyinin nümayəndə heyətini salamlayan AK Parti Gənclik Qollarının sədri Eyyup Kadir İnan bu səfərin qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması, çoxşaxəli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, YAP Gənclər Birliyinin nümayəndələrinin Ankaraya səfər edərək 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkiləri öncəsi aparılan hazırlıq prosesində AK Parti Gənclik Qollarına dəstək ifadə etməsinin vacib əhəmiyyət kəsb etdiyini söyləyib.
Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. YAP Gənclər Birliyi və AK Parti Gənclik Qolları arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən Bəxtiyar İslamov qarşılıqlı təmasların intensiv xarakter daşıdığını və bu amilin gənclərimizin bir-birinə daha da yaxınlaşmasında xüsusi rol oynadığını diqqətə çatdırıb. B.İslamov ölkə başçıları cənab İlham Əliyevin və cənab Rəcəb Tayip Ərdoğanın iradəsi və möhkəm dostluğu sayəsində iki dövlət arasında bütün sahələrdə sarsılmaz əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O, bu amilin iki ölkə gənclərinin də sıx təmasları və əməkdaşlığı üçün möhkəm bünövrə yaratdığını diqqətə çatdırıb.
Görüşdə YAP Gənclər Birliyi və AK Partinin Gənclik Qolları arasında gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb və müvafiq təkliflər diqqətə çatdırılıb.
Sonra qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun rəhbərlik etdiyi nümayəndə heyətinə Gənclər Birliyinin sədr müavinləri Fəsli Nəbiyev, Sevinc Qasımova və üzvləri Nərmin Qocaman, Kənan Kərimov daxildir.
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir