Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxanası tərəfindən kitabxanaya edilən töhfəyə və orada “Azərbaycan kitabı guşəsi”nin açılışına görə fəxri diplomla təltif edilib.
Səfirlikdən "İki sahil"ə verilən məlumata görə, 2021-ci ilin oktyabrında Azərbaycanın Sofiyadakı səfirliyinin səyləri nəticəsində Bolqarıstan Milli Kitabxanasında “Azərbaycan kitabı guşəsi”nin əsası qoyulub, eləcə də ölkəmizin tanınmış şair və yazıçılarının əsərləri, həmçinin tarixini və mədəniyyətini əks etdirən nəşrlər M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından Bolqarıstanın Milli Kitabxanasına hədiyyə olunub. Eyni zamanda, iki ölkənin Milli kitabxanaları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Bununla yanaşı, 2022-ci il ərzində də Bolqarıstanın Milli Kitabxanasına azərbaycanlı müəllifləri əsərlərindən ibarət yeni kitablar hədiyyə edilmiş, həmçinin səfirliyimizin təşəbbüsü ilə Azərbaycan dilindən bolqar dilinə tərcümə edilmiş bir sıra nəşrlər də guşəyə təqdim olunub.