Ötən ay ölkə iqtisadiyyatına sərmayə qoyuluşu xeyli artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 91,7 milyon manat və ya 2022-ci il ilin müvafiq ayı ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 2,5 dəfə artıb.
Ümumi sərmayənin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinin, 529 milyon manatı (48,4 faizi) xidmət sahələrinin, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Sərmayənin 57,5 faizi dövlət, 42,5 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
İnvestisiya qoyuluşunun 77,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 72,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 17,5 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 4,1 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Ənənəvi olaraq sərmayələrdə yerli vəsaitlər üstünlük təşkil etməkdə davam edir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 74,4 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların öz vəsaitləri 449,3 milyon manat, büdcə vəsaitləri 521,2 milyon manat, əhalinin şəxsi vəsaitləri 65,6 milyon manat, bank kreditləri 31,2 milyon manat, sair vəsaitlər 24,4 milyon manat təşkil edib.
2023-cü ilin yanvarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 44,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 35,8 faizi sənaye, 14,4 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər birində 0,5 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, maliyyə və sığorta fəaliyyəti, 0,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,2 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.
Ötən ay neft-qaz sektoruna 349,7 milyon manat vəsait yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 742 milyon manatlıq vəsaitin 40,7 milyon manatı qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.
Yanvar ayında Bakı şəhərində “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi” və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.
Xarici investisiyalar isə əsasən 9 ölkəni əhatə edir. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 259,9 milyon manatı (92,9 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Rusiya, Norveç, Fransa və İran sərmayədarlarına məxsus olub.
Ceyhun Piriyev, “İki sahil”