22 fevral 2023 00:58
455

Enerji və şaxələndirmə siyasəti Avropada əməkdaşlıq imkanlarını genişləndirir

Azərbaycanın enerji diplomatiyasının milli təhlükəsizliyə, regionda sabitliyin təminatına xidmət etməsi reallığı artıq təsdiqini tapıb.  Ötən ilin sonlarında  Prezident İlham Əliyevin iştirakı ilə keçirilən, Azərbaycanın enerji siyasətinin məntiqi nəticəsi olan mühüm tədbirlərdə   zəngin enerji potensialına malik ölkəmizin  təbii ehtiyatları ilə bağlı  dünyada tanınmış şirkətlərin nümayəndələrinin söylədikləri dəyərli fikirlər şaxələndirmə  formatının  dəstəklənməsi idi.   Davos Dünya İqtisadi Forumu çərçivəsində  «Avrasiya Orta Dəhlizi: Yoldan magistrala» mövzusunda panel iclasında çıxış edən,  milli təhlükəsizlik qədər əhəmiyyətli olan enerji təhlükəsizliyi, dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsində böyük əhəmiyyətə  malik nəqliyyat infrastrukturu ilə bağlı  fikirlərini «Biz artıq bunun bəhrəsini görürük. Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var. Əlbəttə ki, biz enerji layihələrindən başladıq - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı» sözləri ilə bildirən, ölkəmizdən  Avropaya enerji təchizatının artırılmasını strateji tərəfdaşlığın genişləndirilməsinin başlıca amili adlandıran Prezident İlham Əliyev  Azərbaycanın yaşıl enerji ilə bağlı planlarını, düşüncələrini diqqətə çatdırıb. Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulduğu kimi,  2027-ci ilə qədər təchizatın iki dəfə artırılması üçün Avropada daha çox interkonnektorun açılmasının vacibliyindən söz açıb. Keçən ilin dekabrında  Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə imzalanan müqavilə,  texniki-iqtisadi əsaslandırma işlərinə başlanılması, «Masdar»”la imzalanmış razılaşma, külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artırılması barədə  proqnozların səslənməsi ölkəmizin enerji siyasətinin  yeni fəslidir.

Cari ilin fevral ayının 3-də Bakıda, «Gülüstan» sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışında Azərbaycanın enerji diplomatiyası ilə bağlı  geniş müzakirələr aparıldı.
Avropa ölkələrinin enerjiyə ehtiyacının ödənilməsi üçün gücün 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər artırılması məsələsi  nəzərdən keçirildi.

Görülən işlərin təməlində ötən il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və Prezident İlham Əliyevin imzaladıqları enerji ilə bağlı Strateji Tərəfdaşlıq haqqında Memorandumda qarşıya qoyulan vəzifələr yer alır. Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması,  Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsi iştirakçı dövlətlərin qarşılıqlı siyasi iradəsinin, yüksək  etimad prinsiplərinin doğrulmasının nəticəsidir. «Təbii ki, dekabr ayı enerji təhlükəsizliyi üçün çox vacib idi, çünki iki mühüm hadisə baş tutdu. Birincisi, biz Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulur və biz, həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq. Bu, səylərimiz üçün əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq» söyləyən Prezident İlham Əliyev  tərəfdaşlıq formatının genişləndirilməsini, üzvlərin sayının artmasını Avropa Komissiyası ilə Azərbaycan arasında  səmərəli əməkdaşlığın  nəticəsi kimi dəyərləndirir:  «Bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər» söyləyən dövlət başçımız Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və yeni tərəfdaşlarımız olan Rumıniya, Moldova və Macarıstanı strateji tərəfdaş  adlandırıb.

Bildirilib ki, «Masdar»” və «ACWA Power»” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrin həyata keçirilməsi ilə yüz milyonlarla kubmetr qaza  qənaət ediləcək. Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli üzrə işlər planlı şəkildə həyata keçiriləcək, nəticədə Avropada potensial əməkdaşlıq imkanları genişlənəcək. Azərbaycanın böyük yaşıl enerji potensialına malik olması artıq təsdiqlənmiş faktdır.  Xəzərdə  külək enerjisinin potensialının 157, quruda külək və günəş enerjisinin potensialının 27 qiqavat olması  ölkəmizin bərpa olunan enerji imkanlarını daha da artıracaq.

Güclü  iradənin, şaxələndirmə siyasətinin nəticəsi Bakıda, «Gülüstan”» sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi oldu. Energetiklərin şəhəri adlandırılan Mingəçevirdə 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması  Cənubi Qafqazın enerji mərkəzi olan ölkəmizin dünya birliyində önəmini daha da artıracaq.

Prezident İlham Əliyevin vurğuladığı kimi,  Avropa məkanında Azərbaycan qazına böyük tələbatın olduğu indiki məqamda bu stansiya qitə dövlətlərinin  enerji təhlükəsizliyinə növbəti töhfə olacaq: «Yəni, bu, hərtərəfli uğurlu bir layihədir. Baxmayaraq ki, hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpa olunan enerjiyə daha böyük üstünlük verilir, biz də bu sahədə böyük uğurlara artıq imza atmışıq.»

Stansiyanın digər önəmi isə  ölkəmizin strateji tərəfdaşı İtaliya şirkətinin  tikintidə iştirakıdır. Yəni, hər iki dövlət arasında  energetika sahəsindəki ənənəvi  əməkdaşlıq daha da güclənəcək. Bütün istiqamətlər üzrə qarşıya qoyulan hədəflərə nail olunacaq.

Ölkəmizin enerji diplomatiyasına uyğun inkişaf edən  İtaliya-Azərbaycan əlaqələri təkcə bu iki ölkənin deyil, böyük coğrafiyanın maraqlarını təmin edir. «Biz bu gün doğrudan da böyük və önəmli işin təməlini qoyuruq. Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır» sözləri ilə  ölkəmizin enerji siyasətinin sülhə, dostluğa, qarşılıqlı əməkdaşlığa xidmət etdiyini bildirən Prezident İlham Əliyev tərəfdaşlıq formatının genişləndirilməsini  Avropa ölkələrinin enerji təchizatının başlıca mənbəyi adlandırır.   Hədəf Cənub Qaz Dəhlizinin genişləndirilməsidir.

Xuraman İsmayılqızı, «İki sahil»