Bu ilin birinci ayında ikirəqəmli inflyasiya davam etsə də əhalinin gəlirlərinin orta artım tempi bundan daha yüksəkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında 2022-ci ilin yanvar ayı ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 15 faiz artıb. Bu dövrdə inflyasiya isə 13,6 faiz təşkil edib.
2023-cü ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 15 faiz artaraq 5 milyard 379,2 milyon manat və ya hər nəfərə orta hesabla 531 manat olub.
Əhalinin sərəncamında qalan gəlirləri isə 4 milyard 749,9 milyon manat təşkil edib. Ötən ay əhalinin sərəncamında qalan gəlirləri bir il əvvəllə müqayisədə 15,2 faiz artıb. Hər nəfərə orta hesabla 468,9 manat gəlir düşüb ki, bu da 2022-ci ilin yanvar ayına nisbətən 14,5 faiz çoxdur. Başqa sözlə, ötən ay hətta əhalinin sərəncamında qalan gəlirlərinin orta artım tempi də inflyasiyanı üstələyib.
Ötən ay üzrə məlum olmasa da 2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3415,3 manat, qeyri neft-qaz sektorunda 790,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 794,9 manat, özəl müəssisələrdə isə 889 manat olub. Qeyd edək ki, ötən il orta inflyasiya 13,9 faiz olub. Bu da o deməkdir ki, 2022-ci ildə əmkhaqlarının artım tempi orta illik inflyasiyadan yüksək olub. Həmçinin cari ildə minimum əməkhaqqının 15 faiz artması muzdla çalışan işçilərin orta aylıq məvaciblərinin də artımını şərtləndirəcək.
Mərkəzi Bankın məlumatına, görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 27,1 faiz artaraq 2023-cü il yanvar ayının 1-nə milli valyuta ekvivalentində 11 milyard 743 milyon manat təşkil edib. Əmanətlərin 60,8 faizi milli, 39,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 21,5 faiz artıb.
Ayrı-ayrı sahələr üzrə inflyasiyaya gəlincə, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar ayına nisbətən 113,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 112,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,7 faiz təşkil edib.
Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz olub. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz təşkil edib. Həmçinin qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 100,5 faiz olub.
Məlumat üçün deyək ki, istehlak qiymətləri indeksi orta alıcılıq qabiliyyətli alıcının aldığı malların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsini səciyyələndirən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İstehlak qiymətləri indeksi inflyasiya göstəricisi kimi qəbul edilir.
Ceyhun Piriyev, “İki sahil”