Özəlləşdirmə təkcə dövlət əmlakının özgəninkiləşdirilməsi deyil. Buraya, həmçinin iqtisadiyyata özəl investisiyaların cəlb edilməsi, iş yerlərinin yaradılması, dövlət büdcəsinə vergi daxilolmaları və digərləri aiddir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və bu istiqamətdə tapşırıqlarına uyğun olaraq ölkədə özəlləşdirilən müəssisələr yenidən qurulur, fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. Elə müəssisələrdən biri də investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən Neftçala rayonunda yerləşən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatıdır (əvvəlki S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu).
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən mediatur çərçivəsində KİV nümayəndələrinə müəssisənin tarixi, istehsal prosesi, quraşdırılan yeni avadanlıqlar və tətbiq olunan texnologiya barədə məlumat verilib. Bildirilib ki, müəssisənin Nərə Damazlıq Təsərrüfatı bir əsas və iki yardımçı təsərrüfatdan ibarətdir. Neftçala rayonunun Yenikənd kəndində yerləşən əsas təsərrüfatın ümumi sahəsi 58,6 hektardır. Təsərrüfat nohurlardan, qapalı su çevrəsi su təchizatı sistemindən və müxtəlif hidrotexniki qurğulardan, su çökdürücü sistemlərdən ibarətdir. Niderlandın “HESY Aquaculture B.V.” şirkəti tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun tərkibini nəzarətdə saxlama sistemi və qurğularını özündə birləşdirir.
MMC-nin direktor müavini Zaur Salmanov jurnalistlərə müsahibəsində deyib ki, müəssisənin ümumi istehsal gücü illik 200 ton nərəcinsli balıqdır. Onların içərisində rus nərəsi, kür nərəsi, bölgə, uzunburun və cökə kimi növlər var. İstehsal gücünə, eyni zamanda, 10 tondan artıq qara kürü daxildir. Kürü istehsalının mütləq əksəriyyəti ixrac üçün nəzərdə tutulub: “Müəssisə 2019-cu ildən fəaliyyətə başlasa da ötən ilin ikinci yarısından başlayaraq kürü ixracına başlanılıb. Buraya ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr aiddir. Balıq ətinə gəlincə, bu, yerli bazar üçün ənənəvi məhsuldur. Ölkədaxilində ona ciddi tələbat var. Yerli tələbat qarşılandıqdan sonra ixrac mümkündür”.
Əmlak Məsələləri Dövlət Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbuhi Qəhrəmanov isə bildirib ki, “S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu” MMC üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Azerbaijan Fish Farm” MMC üzərinə bir sıra öhdəliklər götürüb və artıq onların alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrası başa çatdırılıb. Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri yaradılaraq, ümumilikdə işçilərin sayı 115-ə çatdırılıb. İnvestor tərəfindən müəssisədəki 34 nohur tam yenidən qurulub, yeni hovuzlar quraşdırılıb, su təchizat sistemi yenilənib, ərazi abadlaşdırılıb: “İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı yaradılıb”.
Şöbə müdiri qeyd edib ki, müəssisənin yenidən qurulması qida sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balıq və balıq məhsullarına olan tələbatının ödənilməsinə də şərait yaradır.
Ceyhun Piriyev, “İki sahil”
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır