Cari ilin birinci rübünün nəticələrinə görə, ölkə əhalisinin gəlirləri artıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2023-cü ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 18 milyard 479,9 milyon manat və ya hər nəfərə orta hesabla 1823,7 manat olub. Əhalinin sərəncamında qalan gəlirləri isə 15,3 faiz artaraq 16 milyard 345,3 milyon manat təşkil edib.
Həmçinin əməkhaqlarında da artım olub. Rəsmi statistikaya görə, ölkə iqtisadiyyatında muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 854,5 manata çatıb. Əməkhaqqı neft-qaz sektorunda 3110,1 manat, qeyri neft-qaz sektorunda 810,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 811,3 manat, özəl müəssisələrdə isə 903,1 manat olub.
Ayrı-ayrı sahələr üzrə ən çox əməkhaqqı mədənçıxarma sənayesinin qeyri-dövlət bölməsində qeydə alınıb. Bu sahədə orta aylıq əməkhaqqı 3475,9 manat təşkil edib. Dövlət bölməsində isə bu göstərici 2070,3 manat olub. Mədənçıxarma sənayesi ilə yanaşı, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Eyni zamanda, əhalinin banklardakı əmanətləri də artıb. Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 18,6 faiz artaraq 2023-cü il mart ayının 1-nə milli valyuta ekvivalentində 11 milyard 901,8 milyon manat təşkil edib. Əmanətlərin 61,3 faizi milli, 38,7 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22 faiz, xarici valyutada isə 13,6 faiz artıb.
Bəs, hesabat dövründə inflyasiya nə qədər olub?
Rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-mart aylarında inflyasiya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 faiz, qeyri-ərzaq malları üzrə 12 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,6 faiz təşkil edib. Bu, o deməkdir ki, birinci rübdə əhalinin gəlirlərinin artım tempi orta inflyasiya göstəricindən yüksək olub. Nəticədə hətta ikirəqəmli inflyasiya şəraitində belə əhalinin real gəlirləri birinci rübdə 1,4 faiz artıb.
Ceyhun Piriyev, “İki sahil”
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır