27 aprel 2023 01:56
510

İqtisadiyyatımız növbəti illərdə: Əsas hədəf qeyri-neft sektorunun inkişafıdır

“Azərbaycanda növbəti illərdə əsas hədəf qeyri-neft sektorunun inkişafı ilə bağlıdır, çünki əsas neft yataqlarımız hasilatın azalması mərhələsindədir. Doğrudur, qaz yataqlarında hasilat getdikcə artacaq. Lakin bizim dayanıqlı inkişafımızı təmin edən məhz qeyri-neft sektorunun inkişafı olacaq və sahibkarlarımız, o cümlədən mikro, kiçik və orta biznes ölkə rəhbərliyinin davamlı qayğısı və yeni stimullarla daha yüksək nailiyyətlər əldə edəcəklər”.

Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransa videomüraciətində bildirib.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafına gedən yol sahibkarlığın tərəqqisi istiqamətində atılmış məqsədyönlü addımlardan başlayıb. Belə ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından başlayaraq digər sahələrdə olduğu kimi, bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edirdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Bu proses ölkə vətəndaşına sahibkar, mülkiyyətçi olmaq hüququ verdi. Həmçinin 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki Dövlət Proqramı sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevrilməsində müstəsna rol oynadı. Onların sayəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, dövlətin  sahibkarlara maliyyə dəstəyi sistem halını aldı. Eyni zamanda, dövlət-sahibkar münasibətlərinin inkişafı və tənzimlənmənin yeni istiqamətlər üzrə təşkil edilməsi məqsədilə dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirildi. Bu dövrdə sa­hib­kar­lar üçün ver­gi yü­kü­nün azal­dıl­ma­sı is­ti­qa­mə­tin­də döv­lət sə­viy­yə­sin­də mü­əy­yən ad­dım­ların atı­lması da yaddaqalan hadisələrdir.  Nəticə etibarilə Ulu Öndər Heydər Əliyevin rəh­bər­li­yi ilə uğur­la hə­ya­ta ke­çi­ri­lən stra­te­gi­ya­ sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na yö­nəl­miş təd­bir­lə­rin sis­tem­li­li­yi, döv­lət tən­zim­lən­mə­si­nin li­be­ral­laş­dı­rıl­ma­sı, döv­lət sa­hib­kar mü­na­si­bət­lə­ri­nin ins­ti­tu­sio­nal­laş­dı­rıl­ma­sı ilə xa­rak­te­ri­zə edi­lir.

Bu siyasət hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın əsasını təşkil edir. Sahibkarlığın inkişafı özünü ölkə iqtisadiyyatının qeyri-neft sektorunda əldə olunan nailiyyətlərlə büruzə verir. Təsadüfi deyil ki, sözügedən tədbirdə ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycanda sahibkarlığın ümumi daxili məhsulda (ÜDM) payı 81 faizə, məşğulluqda payı isə 77 faizə çatıb.

İqtisadiyyat naziri M.Cabbarovun sözlərinə görə, Azərbaycanda yığılan vergilərin 80 faizindən çoxu özəl sektorun payına düşür.

Həmçinin kiçik və orta biznes (KOB) subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi 2018-ci ildən ötən 4 il ərzində bu subyektlərin sayı 45 faiz artaraq 356 minə yaxınlaşıb. Tədbirdə iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, bu dövr ərzində KOB–ların qeyri-neft ÜDM-də payı 23,5 faizdən 26,6 faizə, qeyri-neft ixracında payı isə 2019-cu ildəki 23,3 faizdən 59,8 faizə yüksəlib.

M.Cabbarov vurğulayıb ki, növbəti illərdə əsas hədəf qeyri-neft sektorunda istehsal olunan məhsulun ixracı ilə bağlı olmalıdır. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracının dəyəri ötən il əvvəlki illə müqayisədə 12,3 faiz artaraq 3 milyard ABŞ dollarını (indiyədək olan ən yüksək hədd) ötüb. Nazir hesab edir ki, ixrac edilə bilən məhsul əgər regional və qlobal bazarlarda rəqabətlidirsə, deməli bu məhsul öz yerini asanlıqla Azərbaycan bazarında da tapacaq.

Ceyhun Piriyev, “İki sahil”