Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 faiz artaraq 7 milyard 672,2 milyon manat təşkil edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, 4 aylıq vergi daxilolmalarının 4 milyard 3,4 milyon manatı qeyri neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,7 faiz çoxdur.
Buradan belə məlum olur ki, cari ilin yanvar-aprel aylarında vergidaxilolmalarının 52,2 faizi qeyri neft-qaz sektorunun payına düşüb. Müqayisə üçün deyək ki, ötən ilin eyni dövründə ödənilmiş vergilərin 68,1 faizi qeyri neft-qaz sektoruna aid idi. Ötən ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 5 milyard 35,4 milyon manat vergi daxil olmuşdu ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55,2 faiz çox idi.
Nazirin sözlərinə görə, vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var.
Cari ilin 4 ayında vergi daxilolmalarının 47,8 faizi və ya 3 milyard 668,8 milyon manatı isə neft-qaz sektorunun payına düşüb. Bu da ötən ilin eyni müddəti ilə müqayisədə 2,3 dəfə çoxdur.
Qeyd edək ki, cari ildə Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmalarının ümumilikdə 13 milyard 402 milyon manat (2022-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 662 milyon manat və ya 14,2 faiz çox) olacağı proqnozlaşdırılıb. Bu o deməkdir ki, 4 ay ərzində illik proqnozun 57,2 faizi yerinə yetirilib.
Nəticədə ölkə başçısının da vurğuladığı kimi, dövlət büdcəsində dürüstləşmənin aparılmasına əsas yaranıb. Prezident İlham Əliyev ötən ay Azərbaycan Televiziyasına müsahibəsində hökumətə bu məsələ ilə bağlı göstəriş verdiyini bildirib.
Gəlirlərin proqnoz olunandan xeyli çox artması fonunda büdcənin dürüstləşdirilməsi xərclərin də artırılacağı deməkdir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, proqnozdan artıq toplanmış vəsaitin əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə isə hərbi xərclər olacaq. Bundan başqa, digər istiqamətdə xərclərin də artırılacağı gözlənilir. Ölkə başçısı vurğulayıb ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq.
2023-cü ilin dövlət büdcəsində neftin qiymətinə də dəyişiklik edilə bilər. Bunu bugünlərdə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, neftin qiymətinə dəyişiklik üçün əsaslar var.
Xatırladaq ki, cari ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollar nəzərdə tutulub.
Ceyhun Piriyev, “İki sahil”