Xəbər verildiyi kimi, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər Baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayaraq gediş haqqı tariflərlərinə dəyişiklik edilməsindən sonra yanacağa görə verilən subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildiriblər.
Müraciətdə də deyildiyi kimi, Nazirlər Kabinetinin 01.12.2021-ci il tarixli, 379 saylı qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası” təsdiq edilib. Sözügedən qaydanın 3.1-ci bəndinə əsasən, subsidiya “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 04.04.2021-ci il tarixli qərarı qüvvəyə mindiyi tarixdən “İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” Tarif Şurasının 30.07.2018-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir. Beləliklə, Tarif Şurasının 31.01.2023-cü il tarixində keçirilən iclasında da əvvəlki tariflər ləğv edildiyi üçün subsidiyanın verilməsi dayandırılıb. Başqa sözlə, şirkətlərin etirazından asılı olmayaraq subsidiyanın verilməsinin dayandırılmasının qanuni əsası var.
Maraqlıdır ki, daşıyıcı şirkətlər müraciətində subsidiyanın kəsilməsinin sərnişindaşımada maya dəyərini yenidən yüksəltdiyi və müsbət gözləntiləri minimuma endirdiyini bildiriblər. Həmçinin yeni tariflərin təsdiq edilməsi ilə subsidiyanın verilməsinin dayandırılacağı şirkətlərə əvvəlcədən də məlum idi.
Qiymətin 3 ay əvvəl artırılmasına baxmayaraq şirkətlər mövcud gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildirirlər. Qeyd edilir ki, Bakı şəhərində ictimai nəqliyyatda dizel yanacağı ilə işləyən avtobus nəqliyyat vasitələrinin payı qaz yanacağı ilə işləyən avtobusların payından xeyli çoxdur. Ancaq qeyd edilməyən odur ki, son 5 ildə ölkədə ictimai nəqliyyatda qiymətlər orta hesabla 2 dəfə artsa da avtobus parklarında ciddi yenilənmə olmayıb.
Paytaxtda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Lakin təkcə ötən ilə nəzər salanda məlum olur ki, ölkəyə gətirilmiş hər 3 avtobusdan 2-si dövlət sektoruna aid olub. Bu isə ictimai nəqliyyatda xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olmaqla əhalinin ona olan etimadının azalmasına gətirib çıxarıb.
Sözügedən müraciətdə şirkətlər gəlirlərinin azalmasını, həmçinin əhalinin sosial və iqtisadi aktivliyinin azalması ilə izah ediblər. Hərçənd ki, reallıq onu göstərir ki, ictimai nəqliyyata etimadın azalması paytaxtda avtomobilləşmənin səviyyəsini artırmaqla müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərin gəlirlərinə təsir göstərməkdədir. Ölkəyə avtomobil idxalının “yaş” strukturu da onu göstərir ki, avtomobilləşmənin artması əhalinin rifahından çox ictimai nəqliyyatda xidmətin keyfiyyətinin aşağı olması ilə bağlıdır.
Müraciətdə qlobal bahalaşma səbəbindən avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtkü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiymətinin 50 faizədək artması da vurğulanır. Hərçənd ki, cari ildəki tarif artımından sonra ölkədə avtobus nəqliyyatı ilə daşımalar üzrə illik 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir.
Tarifə 3 ay əvvəl dəyişiklik edilməsinə baxmayaraq şirkətlərin məlum narazılığı sektorda islahatların aparılmasına, müntəzəm sərnişindaşıma fəaliyyətinin tam şəkildə dövlətin nəzarətinə keçməsinə əsaslar yaradır.
Ceyhun Piriyev, “İki sahil”