Azərbaycan iqtisadiyyatı cari ilin dördüncü ayını da artımla başa vurub. 2023-cü ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 986,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz azalsa da qeyri neft-qaz sektorunda 3,1 faiz artıb.
ÜDM istehsalının 46,8 faizi sənaye, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşüb. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ÜDM-də sənaye, nəqliyyat və anbar təsərrüfatı sahələrinin payı azalıb, digər sahələrin payı artıb.
Bununla belə, rəqəmlərdən də göründüyü kimi, sənaye iqtisadiyyatın aparıcı sahəsi olmaqda davam edir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında 24,3 milyard manatlıq məhsul istehsal edilib. Burada da neft-qaz sektorunda məhsul istehsalı 3,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,1 faiz artıb.
Ümumilikdə, sənaye məhsulunun 71,1 faizi mədənçıxarma sektorunda, 23,6 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 8 faiz azalsa da qaz hasilatı 1,9 faiz artıb. Həmçinin emal sektorunda əczaçılıq, geyim, hazır metal məmulatları, metallurgiya sənayesi məhsulları, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri istisna olmaqla digər sahələrdə məhsul istehsalı artıb. Eyni zamanda, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 19,9 faiz artıb.
Son illərdə ölkədə sənaye məhsulu istehsalında sənaye zonalarının payı artmaqdadır. Sənaye zonaları ixracyönümlü məhsul istehsalında xüsusilə fərqlənirlər. İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib ki, bu ilin birinci rübündə Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən müəssisələr 768 milyon manatlıq məhsul satıb ki, bu da illik müqayisədə 13 faiz çoxdur. İndiyə qədər ümumilikdə, 9,6 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,1 milyard manatlıq hissəsi ixrac olunub.
Nazirin sözlərinə görə, Azərbaycanın sənaye zonalarında ümumi investisiya həcmi 7,1 milyard manatdan çox olan 128 müəssisə qeydiyyatdan keçib və onlardan 66-sı istehsal fəaliyyətinə başlayıb. Mövcud layihələr üzrə 600 milyon manata yaxın investisiya yatırılması, 4800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Ceyhun Piriyev, “İki sahil”