Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu baş çavuş Ruslan Sadıqovun anım günü keçirilib. Mərasimdə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əvvəlcə Şəki rayonunun Cəfərabad kəndində şəhidin məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb və ruhuna dualar oxunub. Çıxış edənlər Ruslan Sadıqovun keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsindəki rəşadətindən danışıblar. Həmçinin polis əməkdaşları şəhidin anım günündə onun ailə üzvlərini ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Ruslan Sadıqov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.