Füzulidə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir keçirilib. Zəfər Günü tədbiri Özbəkistan Respublikası Prezidentinin özbək xalqı adından hədiyyə olaraq inşa olunan Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə gerçəkləşib. Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanı əməkdaşları, Füzulidə məskunlaşan ailələr, məktəb kollektivi və digər qonaqlar iştirak edib.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ümumilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, şəhid bacısı Könül Məmmədova, qazi Cümşüdzadə Vüsal çıxış edərək əldə olunan parlaq qələbədən danışıblar. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun gücü sayəsində torpaqlarımız azad edilib və ərazi bütövlüyümüz təmin olunub. Həmçinin diqqətə çatdırılıb ki, işğaldan azad olunan digər rayonlarımız kimi Qarabağın dilbər güşələrindən olan Füzuli torpaqlarında da həyat canlamağa başlayıb və bu günlər Füzuli sakinləri üçün gələcək firavan həyatın başlanğıcıdır. Daha sonra Zəfər Gününə həsr olunmuş video nümayiş olunub.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra muğam konserti başlayıb. Xanəndələrin vətənpərvər ruhlu ifaları dinlənilib. Xatirə fotosu çəkildikdən sonra təşkil edilən atəşfəşanlıq Füzuli sakinləri tərəfindən maraqla qarşılanıb.