17 noyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü münasibətilə YAP Şərur rayon təşkilatında tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Şərur rayon təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Əmir Babayev tədbirdə geniş məruzə ilə çıxış edib. O, partiyanın yaranma zərurətindən danışıb, Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldiyini qeyd edib. Ə.Babayev həmçinin bildirib ki, cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranması tarixi, 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir dövrümüzün ən əlamətdar və unudulmaz təqvimlərindən biridir: “Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Yeni müstəqil Azərbaycan, qüdrətli və zəngin Azərbaycan naminə bütün təzyiqlərə sinə gərərək xalqımızın həyat səviyyəsini yüksəldən, dövlətimizi yeni-yeni zirvələrə daşıyan Yeni Azərbaycan Partiyası 31 ildir ki, Azərbaycanla birlikdə uğurlara doğru addımlayır. “Bizim mövqeyimiz qətidir – Azərbaycanın xoşbəxt gələcəyi”, – Ümumilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranması illərində dediyi bu sözlər artıq reallığa çevrilib”.
Əmir Babayev həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinə və bir günlük antiterror əməliyyatına toxundu və bu tarixi qələbənin müəllifi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Azərbaycan ordusu və Azərbaycan xalqı olduğunu qeyd etdi.
Tədbirdə, həmçinin Yeni Havuş kənd ərazi partiya təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Günel Vəliyeva, Xələc kənd ərazi partiya təşkilatının sədri Cümşüd Zahirli çıxış edərək qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən geniş şöhrət qazanıb, cəmiyyətin bütün təbəqələrindən olan sağlam qüvvələri öz ətrafında birləşdirib. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycnın davamlı inkişafı, güclü orduya malik olması və dünyanın inkişaf edən ölkələri sırasında layiqli yer tutması Yeni Azərbaycan Partiyasının təməlində duran pirinsiplərin əməli surətdə həyata keçirilməsinin nəticəsidir. Həmçinin vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının gəncləri Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın tarixi Zəfərinin qazanılmasında mühüm rol oynayıblar.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş gənc üzvlərə üzvlük vəsiqələri və partiya veteranlarına hədiyyələr təqdim olundu.