SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri arasındakı bütün texniki maneələr aradan qaldırılmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Qırğızıstanın BMT-nin Genevrədəki ofisindəki səfiri Ömər Sultanov bu gün Bakıda keçirilən "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.
Onun sözlərinə görə, SPECA ölkələri multi modal və tranzit daşımalarının inkişaf etdirməli, nəqliyyat qaydalarının ahəngdarlığını təmin etməlidirlər.
"SPECA ölkələrinin bazarlarının Türkiyə, Orta Şərq və Avropa İttifaqı ölkələrinin bazarlarına çıxış qarşılıqlı şəkildə sürətlə artırılmalıdır. Bunun üçün sərhədlərdəki inzibati maneələrin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırda ticarət, sanitariya, fitosanitariya sahələrində, nəqliyyatın rəqəmsallaşdırılmasında, gömrük işində bu cür maneələr mövcuddur. Bunların aradan qaldırılması ölkələr arasında ticarət, iqtisadiyyat və nəqliyyat sahəsindəki qarşııqılı dayanıqlı əlaqələri təmin edəcəkdir", - deyə o qeyd edib.
SPECA-nın əhəmiyyətindən danışan səfir onun regionda iqtisadi sabitliyə böyük töhfə verdiyini, olkələr arasında dövriyyəni, qarşılıqlı sərmayələri artırdığını vurğulayıb: 'Kiçik və orta şirkətlərin inkişafı göz qabağındadır. Bütün bunlar ölkələrin qarşısında duran iqtisadi çağırışların aradan qaldırılmasna imkan yaradır. Əməkdaşlığımızın əsas aspektlərindən biri, SPECA regionunda ticarət münasibətləridir. Açıq dənizə çıxışı olmayan ölkə olaraq biz yüksək daşınma xərclərinin aradan qaldırılması, məsafələrin qısaldılması üçün çalışırıq. SPECA bizim qlobal təchizat zəncirinə daha sürətlə inteqrasiya olunmağımıza imkan yaradacaq və daha çox fayda gətirəcəkdir. Nəqliyyat məsələləri bizim regionun inkişafında mühüm rol oynayır. SPECA sayəsində isə infrastruktur inkişaf edir, nəqliyyat əlaqələri təkmilləşir, marşrutlar şaxələndirilir".